- Mədəniyyət

Filarmoniyanın səhnəsində COP29-a həsr edilmiş konsert olub

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə baş tutub. Solistlər Səid Məmmədov (skripka) və İrina Mehdiyeva (piano) olublar.

Konsert proqramına klassik musiqi şedevrləri və müasir musiqi ənənələrini ahəngdar şəkildə birləşdirən Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri – Cakomo Puççininin “Xrizantema”, Klod Debüssinin “Ay işığı”, Vaqif Mustafazadənin “Mart”, Antonio Vivaldinin “Fəsillər” silsiləsindən “Qış”, Astor Piazzollanın “Fəsillər” silsiləsindən “Bahar” əsərləri daxil edilib.

Avstriya bəstəkarı Robert Fuksın Bakı səhnəsində ilk dəfə səsləndirilən 3 nömrəli Serenada – “opus 21” əsərinə xüsusi diqqət yetirilib.

Gecə çoxlu sayda qonaqları, mədəniyyət və incəsənət xadimlərini, bakılıları, eləcə də paytaxtın qonaqlarını bir araya toplayıb.

Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov AZƏRTAC-ın müxbiri ilə söhbətində konsertlə bağlı təəssüratlarını bölüşüb: “Bizim hazırlıqlı, yüksəksəviyyəli musiqiçilərdən ibarət yaxşı komandamız var. Kamera repertuarı kifayət qədər genişdir: orkestrin ehtiyatını və musiqi üfüqlərini genişləndirir. Digər tərəfdən, bu, müxtəlif üslublarda yazılmış musiqidir. Dinləyicilərimizə estetik zövq bəxş etməyə çalışırıq. Bizim funksiyamız həm də maarifləndiricidir: Azərbaycan musiqisini eyni vaxtda populyarlaşdırmaqla, mümkün qədər çox bəstəkarın müxtəlif üslublarda yaratdığı və bir çox ölkələrin musiqi əsərlərini ifa etməyə çalışırıq. Tamaşaçı dinləyirsə və bundan həzz alırsa, demək ki, biz düzgün yoldayıq və bu, həm də bizi ruhlandırır.

İstərdik ki, daha çox parlaq solistlər olsun. Səid Məmmədov çox istedadlı, parlaq skripkaçı və musiqiçidir. Azərbaycan mədəniyyəti dərin və inanılmaz dərəcədə çoxşaxəlidir. Ona görə də gözəl musiqiçilərimiz yetişir. Biz həmişə yüksək səviyyədə çıxış etməyə çalışırıq ki, insanlar bizim konsertlərimizə gəlməkdən zövq alsınlar”.

Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti İrina Mehdiyeva da son konsertlə bağlı fikirlərini bölüşüb: “Filarmoniyanın səhnəsində çıxış etmək həmişə xoşdur. Yaradıcılıq prosesində tez-tez qastrol səfərlərində oluruq, lakin ən yaxşı olanı ev səhnəsidir. Ən tələbkar tamaşaçı sizi çoxdan tanıyandır və bu, böyük məsuliyyətdir. Hər şeyin yaxşı getdiyinə çox şadam. Konsert gözəl alındı, maestro əla proqramlar seçdi”.

Onun həmkarı Səid Məmmədov da tədbirin əhəmiyyətini vurğulayıb.

“İlk növbədə, COP29-a həsr olunmuş konsertə görə Filarmoniyanın rəhbərliyinə təşəkkür etmək istəyirəm. Proqram bu axşam üçün məxsusi seçilib. Mən maestro Fəxrəddin Kərimova xüsusi təşəkkürümü bildirmək istəyirəm”, – deyə o, AZƏRTAC-a müsahibəsində qeyd edib.

Konsert, şübhəsiz ki, sənət prizmasından ətraf mühit problemlərinə diqqət çəkib. Təşkilatçılar ümid edirlər ki, musiqi qlobal problemlərin həllində insanları birləşdirəcək universal bir dilə çevriləcək. Əsərlərdə yerləşdirilmiş təbiət təsvirləri və onun dəyişkənliyi bizi ətraf mühitin mühafizəsinin zəruriliyi haqqında düşünməyə vadar edirdi.

Qeyd edək ki, noyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində COP29-a həsr olunmuş növbəti konsert olacaq.