- Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən Əhsən Dadaşovun xatirəsi anılıb

Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, Əməkdar artist Əhsən Dadaşovun anadan olmasının 100 illiyinə həsr edilmiş gecə keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, gecədə tarzənin zəngin yaradıcılıq yolundan söz açılıb, sənət yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Xalq artistləri Adil Bağırov, Şəfiqə Eyvazova, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə tarzənlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, tarzənin ifası insan ruhunu oxşayaraq onu öz sehrinə salırdı. Əhsən Dadaşov sənətdə Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb, klassik muğam ifaçılığının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirib. Görkəmli müğənni Rəşid Behbudovun ansamblının üzvü kimi dünyanın bir çox ölkələrində qastrol səfərlərində olub, Azərbaycan musiqisini təmsil edib. Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində 1960-cı ildə xalq çalğı alətləri ansamblı yaradıb və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olub. Hazırda “Xatirə” Xalq Çalğı Alətləri Ansamblı (bədii rəhbəri Adil Bağırov) Əhsən Dadaşovun adını daşıyır. Əhsən Dadaşov bir çox tarzənlərin sənət müəllimi olub.

Tədbirin bədii hissəsində Xalq artistləri Vamiq Məmmədəliyev, Nəzakət Teymurova, Malik Mansurov, tarzən və pedaqoq Elxan Müzəffərov, Əməkdar artistlər Əliağa Sədiyev, Səbuhi İbayev, Qoçaq Əsgərov, beynəlxalq və respublika müsabiqələri laureatları Mehri Əsədullayeva, Rövşən Qurbanov, Bəhruz Zeynal, Kamilə Nəbiyeva və “Əhsən” Xalq Çalğı Alətləri Ansamblının ifaları dinlənilib.

Sonda unudulmaz tarzənin qızı Xanım Məhərrəmova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.