Viza mərkəzlərində niyə görüş vaxtı almaq olmur? BDU-nun professoru Aida Qasımova öz feysbuk səhifəsində bu barədə paylaşım edib. Statusu olduğu kimi təqdim edirik:
“İndi viza ərizəsini, lazımi sənədləri hazırlamaq deyil, sadəcə Visametric, VFS Global kimi visa mərkəzlərində görüş almaq böyük problem olub. Bu təkcə mənim deyil, yüzlərlə insanın yaşadığı problemdir. Keçən il məhz görüş ala bilmədiyimdən Berlin Azad Universitetindən (The Free University of Berlin) dəvət aldığım konfransa qatıla bilmədim. Yazırdım səfirliyə, cavab gəlirdi ki, Visametric-ə müraciət et. Visametric-ə yazırdım, deyirdi “saytı izlə”. Bu sayt izləmək o deməkdir ki, işini-gücünü at və 24 saat ekranın qarşısında otur ki, bəlkə bir cədvəl peyda ola, sən də görüş vaxtı ala biləsən. Eyni vəziyyət VFS Globaldadır. Cədvəl əvəzində bu cür bir yazı çıxır:
We are sorry but no appointment slots are currently available. New slots open at regular intervals, please try again later.
(Üzr istəyirik, hazırda görüş vaxtları mövcud deyil. Yeni vaxtlar mütəmadi olaraq açılır, zəhmət olmasa bir qədər sonra yenidən cəhd edin.)
Doğrudanmı, görüş saatları satılır? Doğrudanmı, müəyyən adamlar bu görüş saatlarını qabaqcadan tutub sonra satmaqla məşğuldur? Onlar bu işi təkbaşına edirlər, yoxsa viza mərkəzlərində ortaqlarımı var?
Bu suallar boş yerə yaranmır.
Səfirliklər, Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələni ciddi şəkildə araşdırmalı və şəffaf mexanizm yaratmalıdır. Elmi tədbirlər, təhsil proqramları və digər vacib beynəlxalq fəaliyyətlər, eləcə də insanların istirahəti bu cür süni əngəllərə görə ziyan görməməlidir”.
Oxunub: 17