- Ədəbiyyat

İki gəncin ilk qələm təcrübəsi

Qüdrət Yusifli və Fatimə Əliyeva Şərqşünaslıq fakültəsinin dördüncü kurs tələbələridir. Bu şeirlər onların ilk qələm təcrübələrindəndir. Şeirlərdə gənc qəlblərin ümid və həyəcanı, ağrı və iztirabları əks olunub. Hər iki şeiri dərs zamanı maraqla dinlədim və oxucuların da dinləməsini arzulayıram.
Aida QASIMOVA. BDU Ərəb filologiyası kafedrasının professoru 

Fatimə ƏLİYEVA. Kimsəsizin fəryadı


Mən axmağam, göydəki ulduzları mələk sanmışam.
Qanadları yanaraq göyə qalxan, ağrıdan qıvrılan bir qəhrəman sanmışam.
Savaşıblar mənimçün, göydə çarpışaraq cinlə, şeytanla,
Yerdə imiş, a balam, inanmışam mən inadla.
Uşaq idim, qanmırdım, heç düşünüb anlamırdım
Yanırdım, ağrıyırdım, ruhumu parçalayırdım.
Boş xəyallar, yuxular, ürəkdə vurnuxan ağrılar, acılar,
Göydə uçan quşlar, suda üzən balıqlar,
Sürünən soxulcanlar, siz kimsiniz?
Siz məndən də mi üstün bilirsiniz
Özünüzü, kiçik zərrənizi?
Mənim cüssəmdən üstünmi bilirsiniz?
Hey mənəm sürünən, xülyalara qarışan,
Mənəm odla oynayıb, sağ qalan,
Mənəm ruhumu didən, parçalayan,
Mənəm hər addım atıb, geri yıxılan,
Mənəm zəfər şərbətini içib,
Ona yaxınlaşa bilməyən.
Axı mən sizdən üstünəm, mən də bir zərrəyəm.
Amma mən nəhəngəm – ruhum, əzmim, inadım
Yoxdusa da, mən iri bir şəxsiyyətəm.
Bəlkə də, mən bir kölgəyəm.
Görünmürəm, eşidilmirəm, sağ deyiləm.
Uçan quşlara bir bax, havada süzülüşlərinə bir bax!
Dimdiyini sındırıb, yenidən qalxan qartala bir bax!
İnadla çöpü dağ başına qaldıran qarışqaya bir bax!
Vüqarla meşədə gəzən qoca aslana bir bax!
Nə biləydim qısadı ömrü şirin anların?
Bir xəyal idi, kibrit təki yandı getdi anlıq.
Ancaq qığılcımı, ah, lənətə gəlmiş qığılcımı,
Od saldı qəlbimə, yaralı, viran ürəyimə.
Sızıldadı durdu ruhum, keçmədi hüznüm,
Görmədi kor gözüm, gülmədi bu üzüm.
Qarşıma qoydular zəhərdən bir qədəh,
Dolamışdı boynuma zənciri alçaq fələk,
Bürüdü məni dünya boyu, ibrəti-aləm deyə
İçdim mən o zəhəri, bəlkə, son olar deyə.
Dərimı cırdılar, gözümü ovdular, məni qana buladılar.
Elə hey vurdular ki, vurdular, amma durmadılar.
Qane etmədi onları məndəki izlər, əziklər
Doyunca içdilər qanımı, alçaq milçəklər.
Zəhər yayıldı vücuda, heç kim gəlmədi haraya,
Görmədinizmi bədənimi, ayaqüstə quruyan məni,
Xəyallarım alınmışdı məndən, bizdən
Ayılmışdım bu qara xülyadan, qarabasmadan.
Yenə də sürünürəm, hara gedirəm? Bilmirəm.
Amma bilirəm, kömək gəlməz mənə sizdən
Mən də ummaram kömək, ümid sizdən.

Qüdrət YUSİFLİ. Gülürlər…


Ağlayanlar var…
Gülürlər…
Ağlayanlar, için-için ağlayanlar!
İçi qan ağlayanlar!
Gülürlər…
Gündə yüz yol gömülüb, dirilirlər
Gülürlər, gülürlər…
Dərd üstünə dərdi alıb
Kədər ilə oynayıb
İçin-için doğranıb!
Gülürlər…
Kim bilər?
Kim duyar ki?!
Gizlin-gizlin ağlayanı..
Ürəyində dağ,
Dilində bal saxlayanı…
Duyan olmaz!
Axı, onlar gülürlər…