Ey dil, dəxi dinmə və sükut et, səni tarı,
Lal ol və danışma!
Sal başını aşağa və heç baxma yuxarı,
Mal ol və danışma!
Cəlil Məmmədquluzadə
“Dərslik yazmaq da, vəsait hazırlamaq da çox çətin işdir. Bu, asan məsələ deyil. Adətən dərslik yazmayan insanlar dərslikləri daha çox tənqid edirlər”.“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində səsləndirib.
Həri. Cənab nazir düz deyir də. Hər yerindən duran dərslikləri tənqid edir, ağıl öyrədir, yol göstərir. Bu ifadə yadınızda olar. Bir vaxtlar SV vaqonlarda qiymətlər bahalananda “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmisi Mədət Şıxəmirov artımı belə əsaslandırmışdı: “Hər yerindən duran gəlib SV-yə bilet alırdı”. İndi bu zümrə təhsil sektorunu hədəfə alıb: hər yerindən duran (yəni dərslik yazmayan) dərsliklərə irad tutur. Əxəvizadə, nuri-düçeşmim, sən ömründə heç dərslik yazmısan? Yox? Onda xamuş.
Bir neçə il əvvəl belə bir səhv tapmışdılar. Orta məktəbin hansı sinfi üçünsə ədəbiyyat müntəxəbatında Hatəmxan ağa Şahbaz bəyə deyir: “Bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun libas”. Amma dərslikdə bunun əksi yazılmışdı: “Bizim arvadlarımız uzun libas geyər, onların arvadları gödək libas…”. Bu, səhvdir? Əlbəttə. Əgər dərslik yazmısansa, tut. Yazmamısan? Onda xamuş.
Sən bir işi görməmisənsə, o qəbildən işləri tənqid edə bilməzsən. Dərslik məsələsinə dəxli olmasa da, böyük şairimiz Sabiri də qınayıram. Bir dəfə qarpız yeyəndə mizacı pozulub və belə bir fərd deyib:
Yemişü yelpənəyü duz yemərəm,
Tövbə olsun, daha qarpız yemərəm.
Sabir o fərdi deməməli idi. Çünki o vaxtın bostan, qarpız və qeyri-üzvi gübrələr naziri irad tuta bilərdi: “Kəl qoşub qarpız əkmisən? Dibinə gübrə tökmüsən? Yox? Onda danışma. Qarpızı tənqid etmək üçün adam əvvəlcə qarpız əkməli, sonra bostanda selfi çəkməli, bərayi-ehtiyat bir neçə nəfərin iştirakı ilə bu barədə akt tərtib edib, notariusda təsdiq etdirməlidir. Bundan sonra buyur, qarpızı, hətta yemişi nə qədər istəyirsən, tənqid elə”. Dərslik də elənçik.
Və ya Füzulini götürək. Formalist şairləri tənqid edirdi ki, o nədi, həndəsi fiqurlar şəklində şeirlər yazırsınız? Məzmun qalıb kənarda, formanın nazı ilə oynayır, başına dönür, qadasını alırsınız..
Qayıtdılar ki, ya Məhəmməd, sən heç trapesiya, romb və ya paralelopiped şəklində şeir yazmısan? Yox. Onda danışma. O da sakitcə getdi “Leyli və Məcnun”u qaldığı yerdən davam etdirməyə…
Nazir bu qaydanı indi desə də, məzkur tələb lap çoxdan var. Məsələn, dərsliklərin birində Qarabağ müharibəsi ilə bağlı bir hekayə vardı. Sonluğu belə idi: Bizim əsgər yaralı döyüş yoldaşına kömək üçün irəli getmək istəyəndə komandir deyir ki, getmə, səni vurarlar. O, komandiri dinləmir, gedir, amma düşmən əsgərləri onu vurmur, silahları yerə qoyur, ehtiram əlaməti olaraq “kaska”larını da çıxarırlar. AzTV-də bir müzakirə zamanı tanışlardan biri bu hekayə ilə bağlı iradını bildirmişdi: “Snayperlə balaca uşaqları vuran, öldürdüyü azərbaycanlıların skalpını soyub kəmərindən asan, Bağanıs Ayrımda 38 günlük körpəni ot tayasına atıb yandıran düşməni belə kübar, humanist kimi göstərmək nə dərəcədə doğrudur?” Onun dediklərini kəsdilər, efirə vermədilər. Niyə? Ay sağ ol. Çünki o tənqidi səsləndirən xanım dərslik yazmayıb. Soruşublar ki, dərslik yazmısan, deyib, yox. Yalan deyəsi deyil ki.
…Amma irad ağıllarına batıbmış. Başqa bir dərslik yazmış adam tapıb, deyiblər, bu iradı sən tut, o da tutub, beləcə dərslikdə həmin hekayənin sonluğunu dəyişdilər.
Belə. Amma hörmətli nazir Əmrullayevin sözlərini də qəribçiliyə salmayaq. O, elə deyirsə, nəsə bilir, amma bizə çatmır. Bir vaxt sabiq təhsil naziri Misir Mərdanovu da tənqid edirdilər: orta məktəblərdə rüşvət baş alıb gedir. Misir müəllim neylədi? Dedi, bircə nümunə göstərin, əlimin arxasını yerə qoyacam. 9 milyon əhali nə illah elədi, fakt tapa bilmədi və Misir müəllimin əlinin arxası təmiz qaldı. Araşdırmalar göstərdi ki, o vaxt bircə rüşvət riski olub. Üç nəfər bədxah adam girib bir məktəb direktorunun kabinetinə, istəyiblər ki, kişinin qolunu burub cibinə pul qoysunlar. Bunların məkrli niyyətini başa düşən direktor da diribaş tərpənib: üçüncü mərtəbədə pəncərənin ağzına çıxıb və deyib: “Atamın goru haqqı, yaxın gəlsəniz, özümü atacam”. Beləcə tam fiasko. Məktəbin xadiməsi yaxınlıqda imiş, deyib, ay bala, özünüzü yormayın, o, atasının goruna and içdimi, mütləq özünü atır. Kor-peşman qayıdıblar evə.
Yəni sözümün canı budur ki, hər yerindən duran dərsliklərdə səhv tapmağa girişməsin. Çünki dərsliklərdə səhvə yol vermək və onu tapmaq müstəsna hüququ (prerogative) yalnız dərslik yazanlara məxsusdur… Məncə, bu norma Konstitusiyaya da salınmalıdır. Siz əvvəlcə yerinizdən uru durun, sonra gedin arı sudan abdəst alın, ağ alnınızı yerə qoyub iki rükət namaz qılın. Sonra gedin dərslik yazmağa, Ondan sonra artıq, Mirzə Cəlil demiş, dağarcığınızı çəkin çuvallar cərgəsinə…
Həri.
P.S. Məlun Şeytan da bezdirib səhərdən məni. Deyir, bir pritça var, onu da yaz. Lap yerinə düşür. Yaxşı, de görüm nəyin nəsidir?
“Yazıçı və tənqidçi haqqında pritça
Tənqidçi bir yazıçının romanını kəskin tənqid edibmiş. Yazıçı dözməyib deyir:
– Ömründə heç bir hekayə belə yazmamısan. Nə haqla romanımı tənqid edirsən?
Tənqidçi:
-Mən toyuq kimi qaqqıldayıb yumurtamağı bacarmasam da, qayğanağın dadını istənilən toyuqdan yaxşı bilirəm”.
Məntiqlidir, amma bunu yazmaq olmaz. Ay qırışmal, yenə nə məkrli niyyətin var?
Vəssalam, namə tamam. Xeyirli çərşənbə axşamları.








