- Mədəniyyət

“Sarvan” folklor ansamblı Türk Boyları Mədəniyyət Festivalında çıxış edib

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) nəzdində fəaliyyət göstərən “Sarvan” folklor ansamblı Türkiyənin Yalova şəhərində keçirilən Yalova Folklor Təhsil Mərkəzinin (YAFEM) 29-cu Türk Boyları Mədəniyyət Festivalı çərçivəsində müxtəlif tədbirlərdə, o cümlədən qala gecəsində uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, “Sarvan” ansamblı festivalda Gürcüstanı və bu ölkədə yaşayan azərbaycanlıların zəngin milli-mədəni irsini beynəlxalq auditoriyaya təqdim edib.

Türk dünyasının ortaq tarixi, zəngin mədəni irsi və qardaşlıq bağlarını özündə əks etdirən festival çərçivəsində “Sarvan” folklor ansamblı Gürcüstanda yaşayan Azərbaycan türklərinin milli rəqs və folklor ənənələrini yüksək peşəkarlıqla nümayiş etdirərək tamaşaçıların böyük rəğbətini qazanıb. Xüsusilə qala gecəsində təqdim olunan çıxış iştirakçılar və qonaqlar tərəfindən maraqla qarşılanıb.

“Sarvan” folklor ansamblının bədii rəhbəri Cəmilə Məmmədova tədbir çərçivəsində Yalova valisi Dr.Ahmet Hamdi Usta ilə görüşüb. Vali ansamblın rəhbərinə festivalda uğurlu iştirakına görə təşəkkür edib. Görüş zamanı tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub.

Qeyd edək ki, YAFEM-in Türk Boyları Mədəniyyət Festivalı Türk dünyasının ortaq mədəni dəyərlərinin qorunması və təbliği, xalqlar arasında dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından mühüm beynəlxalq platformalardan biridir.