- Cəmiyyət

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Bu gün səhər saatlarında “F-16” qırıcısı Rumıniyanın ərazi suları üzərində son üç gündə Rusiyanın üçüncü pilotsuz uçuş aparatını məhv edib.

“Report” xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan “X” sosial şəbəkəsində yazıb.

O bildirib ki, Buxarest yaranmış vəziyyətlə əlaqədar qəti etirazını bildirir:

“Rusiya pilotsuz uçuş aparatlarının eyni zamanda həm NATO-nun, həm də Avropa İttifaqının hava məkanı olan Rumıniyanın hava məkanı sərhədlərini pozmağa davam etməsi yolverilməzdir”.

Ölkənin Baş Prokurorluğunun araşdırmasına əsasən, vurulan dron Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı müharibədə istifadə olunan “Şahed” tipinə aiddir.

“Rumıniyalı pilotları və yerüstü heyətləri öz tapşırıqlarını yerinə yetirərkən nümayiş etdirdikləri peşəkarlıq, cəsarət və səmərəliliyə görə təbrik edirəm. Onlar öz hərəkətləri ilə milli ərazinin müdafiəsinə və Rumıniya vətəndaşlarının təhlükəsizliyinə töhfə verirlər”, – Nikuşor Dan bildirib.

Hazırda dronlarla bağlı hadisələrin təfərrüatlarının araşdırılması davam edir. Onun nəticələri Rumıniyanın Rusiya Federasiyasına ünvanlayacağı rəsmi diplomatik etiraz üçün əsas olacaq.

Xatırladaq ki, iyulun 24-ü səhər saatlarında Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcısının pilotu Buzeu vilayətinin Padina şəhəri yaxınlığında dron vurmuşdu. Növbəti gün ölkənin hava məkanına girən daha bir pilotsuz uçuş aparatı vurulmuşdu.