- Mədəniyyət

Bəstəkar Xəyyam Mirzəzadənin vəfatından 8 il ötür

Bu gün Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, görkəmli bəstəkar və pedaqoq, professor Xəyyam Mirzəzadənin vəfatından 8 il ötür.

AZƏRTAC xəbər verir ki, Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının əlaqəsinə əsaslanan, özünəməxsus geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.

Xəyyam Mirzəzadə otuzadək səhnə musiqisi, çoxsaylı estrada və caz nümunələri, mahnılar yazıb, “Violin və orkestr üçün” əsərinin müəllifidir.

Zəngin yaradıcılığı ilə Azərbaycan musiqi irsini, mədəniyyətini təbliğ etməklə yanaşı, kinomuza da töhfələr verən bəstəkar əsasən dram janrlı filmlərə musiqilər yazıb, ekran əsərlərinin məzmun ideyasını musiqi dili ilə çatdırmağa müvəffəq olub. Onun bir çox kompozisiyaları musiqi xəzinəmizin “qızıl fond”una daxildir. 40-dan artıq filmə, o cümlədən “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Bakıda küləklər əsir”, “Birisigün gecəyarısı”, “Bizim küçə”, “Dənizə çıxmaq qorxuludur”, “Güllələnmə təxirə salınır”, “İlıq dənizdə buz parçası”, “O dünyadan salam”, “Yeddi oğul istərəm” və digər bədii, “Abidələr danışır”, “Bakı eyvanları” və s. sənədli, “Daş”, “Günlərin bir günündə”, “Meşəyə insan gəlir” animasiya filmlərinə yazılan musiqiləri xatırlamaq kifayət edir ki, bəstəkarın sənət qüdrətinə heyran qalasan. Xəyyam Mirzəzadənin bənzərsiz kino musiqilərində mövzuya uyğun olaraq Vətənə, xalqa, insanlara hörmət, sevgi, həmçinin yüksək insani keyfiyyətlər tərənnüm olunur. Xəyyam Mirzəzadə , eyni zamanda, gözəl nəğmələrin müəllifidir.

Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, bir çox fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

1935-ci il oktyabrın 5-də Bakıda dünyaya göz açmış görkəmli bəstəkar Xəyyam Hadi oğlu Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.