- Cəmiyyət

NATO Rumıniya səmasında vurulan PUA-nın Rusiyaya məxsus olduğunu ehtimal edir

Rumıniya üzərində vurulan pilotsuz uçuş aparatının (PUA) Rusiyaya məxsus olduğu ehtimal edilir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə NATO qərargahının nümayəndəsi, ABŞ ordusunun polkovniki Martin O`Donnel bildirib.

“Bazar günü baş verən insidentin əlavə təfərrüatları araşdırma mövzusu olaraq qalır, lakin görünən odur ki, pilotsuz uçuş aparatı Rusiyaya məxsus olub”, – o bildirib.

Hərbçi vurğulayıb ki, alyans daim yüksək hazırlıq vəziyyətindədir və istənilən təhlükədən müdafiə olunmağa hazırdır.

İnsident barədə bu gün Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Qurum pilotsuz uçuş aparatının mənşəyini dəqiqləşdirməyib. Məlumata görə, dron Moldovadan Rumıniya hava məkanına daxil olarkən radar tərəfindən aşkar edilib. Qalıqlar yaşayış məntəqələri arasındakı əraziyə düşüb.