- Mədəniyyət

“Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü görüb

“Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, səhifələrində əsasən ozan-aşıq sənətinin tədqiqi və təbliğinə dair elmi və elmi-publisistik məqalələr yer alan jurnalın bu nömrəsində oxucular filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının “Borçalı folklor mühiti”, tibb elmləri doktoru, professor Fatma Hacıyevanın “Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri”, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun “Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli”, ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədovun “Aşıq poeziyasının toplanmasında Eynəlibəy Sultanovun xidmətləri”, tədqiqatçı Salman Qaraların “Aşıq Alıdan qalan sərvət”, Musa Nəbioğlunun “Ozan ömrü – saz ömrü yaşayır Qorxmaz Tofiqoğlu” və tədqiqatçı Lamiyə Ərənin “Aşıq Hacalının sənət dünyası” məqalələri ilə tanış ola bilərlər.

Bu nömrədə həmçinin bu ilin sentyabr ayında “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin R.Behbudov adına Dövlət Mahnı Teatrında keçirdiyi “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlı tədbirdən geniş reportaj və gənc aşıq Ayaz Buludun şeirləri də yer alıb.

Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.