- Köşə, Manşet

Gülyaz ƏLİYEVA. Ağ damlı, ağ əppəkli Ağdam…

28 ildən sonra, nəhayət ki, 23 iyul qara siyahıdan çıxdı – Ağdamın işğalı günü kimi qeyd edilmir! Şükür!.. Doğrudur, sən azadsan, yaralı torpağım, qazi şəhərim, amma bu gün biz hələ də sənə yetişə, sənə çata, qoynunda gəzə bilmirik. Çünki sən param-parça olmusan, mənfur yağı cismini yox edib, səni tikə-tikə doğrayıb, adını yer üzündən silmək istəyib. 28 il kafir yağı əlində əsir-yesir, dustaq qalmısan, səni doğrayıblar, söküblər, talan ediblər… Amma yenə də səndən, sənin adından, özündən qorxublar…

Ağdam, sənin cismin gedib, yalnız ruhun qalıb. Mənfur düşmən sənin o ruhundan da qorxub, odur ki, adını yer üzündə silmək, özünü, izini yer üzündən qaşımaq istəyib. Azərbaycanın heç bir məkanına sənə çəkilən dağı çəkməyib, sənə edilən sitəmi etməyib… Amma yenə də sənə bata bilməyib. Şikəst etsə də, doğrasa da, yenə sənə olan nifrəti soyumayıb, yenə səndən çəkinib…

Səni yenidən həyata qaytarmaq, ayağa qaldırmaq vaxt istəyir. Səni ayağa qaldıracağıq, qazi şəhərim – Ağdamım! Sənə yetmək üçün, sənə çatanacan biz çox şey itirdik… Nələri, nələri itirdik!  Evimizi, elimizi, obamızı, qonşularımızı, uşaqlığımızı, gəncliyimizi, igid oğullarımızı, qəbirlərimizi, qürurumuzu itirdik! Bircə ümid və inamımızı itirmədik, qoruyub saxladıq, hara köçsək də, özümüzlə götürdük! Sənə çatanacan çox şeydən olduq! Adımız öz torpağımızda “qaçqın” oldu, tənələrə tuş gəldik, künclərə qısıldıq, əziz şəhərim, hər ilin əvvəlində bizi 1 həftəyə yetməyəcək “çörək pulu” almaq üçün növbələrə düzdülər, hər il bugünkü günü, başıaşağı, üzüqara şəkildə Şəhidlər Xiyabanın 3 dəfə dövrə vurub, ürəkdə ağrı-nisgil olduğumuz yerlərə – bəzilərimiz bağçalara, məktəblərə, yataqxanalara, sanatoriyalara, kitabxanalara, bəzilərimiz özümüz tiksək də, özümüzünkü hesab eləmədiyimiz evlərə döndük… Hər il gözümüzdə olan o kədər, o nisgil bir az da böyüdü, artdı, yekəldi, gözümüzü tutdu…

Bu gün biz yenidən sənə çatdıq… harayına çox gec yetişdik, gözəl yurdum. Yağı düşmən səni nə günə salıb, səndən, təmtərağından, çal-çağırından, gözəlliyindən, var-dövlətindən əsər-əlamət qalmayıb, əziz yurdum, ata ocağım! Burnu ovulan düşmən bizim heyfimizi səndənmi çıxıb?! Amma cismini tamamən məhv etsə də, ruhuna toxuna bilməyib, mənim ruhlar şəhərim… Sənin ruhun bizə bəsdir! Biz səni yenə tikəcəyik, səni bərpa edəcəyik! Yaralarına məlhəm qoyacağıq, mənim yaralı torpağım! Sən yenə Ağ damlı, ağ otaqlı, ağ əppəkli Ağdam olacaqsan!

Sənə qovuşmaq üçün canından keçən bütün Qarabağ savaşı şəhidlərinə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayırıq!

Ağdam tezliklə yenə ağ damlı Ağdam olar!

Əzizinəm, ağ dama,
Qara dama, ağ dama.
İnşallah, dönərik,
Biz tezliklə Ağdama…