Vyanada Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyində (AZER-DER) Novruz bayramı münasibətilə türkdilli mətbuat təmsilçilərinin iştirakı ilə tədbir keçirilib.
Pandemiya ilə əlaqədar məhdud sayda şəxsin iştirak etdiyi bayram tədbirini dərnəyin sədri Yardım Günəş açıb və Novruz bayramının Balkanlardan Uzaq Şərqə kimi geniş coğrafiyada yayılmış xalqların həyatında oynadığı roldan bəhs edib. Bildirilib ki, sülh, dostluq və bərəkət bayramı olan Novruz BMT tərəfindən beynəlxalq bayram elan edilib, UNESCO isə bu bayramı bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edib.
Vyanada yaşayan bəstəkar Aria Torkanbouri İranda, xüsusilə də Təbrizdə yaşayan soydaşlarımızın Novruz adət-ənənələri barədə məlumat verib, regional xüsusiyyətlərə toxunub.
AZƏRTAC-ın Avstriyadakı xüsusi müxbiri Elgün Niftəli çıxışında Azərbaycanda Novruz bayramına xas olan adətlərdən danışıb. Qeyd edilib ki, Azərbaycan xalqı bu il Novruz bayramını xüsusi təntənə ilə qeyd edir, çünki ərazi bütövlüyünü təmin edən Azərbaycanın artıq Qarabağ bölgəsində və onun qəlbi Şuşa şəhərində bayram tonqalları qalanıb.
Sonra Aria Torkanbouri saz və tarda Azərbaycan xalq mahnıları və muğamlardan nümunələr ifa edib, mərasimə qatılan iştirakçılara bayram payı hədiyyə edilib.
XXX
Avstriya Azərbaycanlıları Cəmiyyəti Avstriyanın Zalsburq şəhərində Novruz şənliyi keçirib. Pandemiya ilə əlaqədar məhdud sayda iştirakçının iştirak etdiyi tədbiri cəmiyyətin sədri Fərid Əzizov açaraq Novruz bayramının ən qədim bayramlardan biri olduğunu nəzərə çatdırıb. Bildirilib ki, bu il xalqımız Novruz bayramını ikiqat sevinc hissi ilə qeyd edir. Çünki müzəffər Azərbaycan ordusu ölkənin ərazi bütövlüyünü bərpa edib, hər tərəfində, eləcə də Qarabağda bayram tonqalları alovlanır.
Tədbirdə bayram şirniyyatları təqdim olunub, uşaqlara bayram payı verilib.