- Köşə

İmarət CƏLİLQIZI. Bütün cığırlardan eyni bir səmtə

 

  Balaca bir məclis… Hamısı böyüklərdir…Yalnız bir uşaq var, iki-üç yaşlarında. Otaqda ora-bura qaçır, dincəlmir, heç kimin çağırışına, nəvazişli sözlərinə məhəl qoymur, hətta anasının da qucağına gəlmək istəmir. Gah ağlayır, gah küsür, oyuncaq verirsən, almır, yemək verirsən, yemir…
  Bir azdan daha bir uşaq gəlir məclisə. Onu görən kimi bayaqkı körpənin üzü gülür, sakitləşir, ona yaxınlaşır və birlikdə oyuncaqlarla oynamağa başlayırlar.

  Xeyli əvvəl ona böyüklərlə maraqlı deyildi. Elə ki öz həmcinsini – yaş  və oyun yoldaşı mənasında həmcinsini  tapdı, özünə gəldi və aram oldu.
 Hər cür insan da eləcə – öz həmcinsi ilə qarşılaşıb onunla  ünsiyyət etmədən yaşaması çətin olar.
 Hərə öz həmcinsini bir səbəbdən arayır – biri təmiz, dürüst, digəri xəbis, nadürüst  niyyətlə – bəzən tapır, bəzən yox. Və təmiz niyyətlə axtarıb tapanlara nə xoş!..
 Axtarmaq da ayağına dəmir çarıq geyib, əlinə dəmir əsa alaraq dolaşmaq deyil, əlbəttə! Könüldəki ehtiyacın və təmiz arzunun  özü səmtləndirir insanı — Uca Tanrı göstərir yolu (könüllərdəki mübhəm arzulardan Ondan başqa və Ondan yaxşı kimin xəbəri ola bilər ki?). Elə ki aradığını tapdı, bayaqkı körpə kimi ovunur, şadlanır, ruhu, deməli, həm də cismi rahatlığa qovuşur.
  Ruhi qovuşmadan yaranan məmnunluq duyğusunu müşayiət edən acılar da olur, təbii. Amma bu acılar onlardan qurtulmaq istədiyin yox, əksinə, qəlbinin qapılarını könüllü olaraq üzünə açdığın acılardır—xoşladığın şirin təamlara qatdığın tünd ədviyyat kimi.