“Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını müvəqqəti olaraq dayandıra bilər”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Amerikalı analitiklərin fikrincə, məqsəd Ukrayna ordusunun gələcək əməliyyatları üçün taktikaları yenidən nəzərdən keçirməkdir: “Ukrayna hələ də mövcud qüvvələrinin əksəriyyətini əks-hücum əməliyyatlarına cəlb etməyib. Ümumiyyətlə, Ukrayna hələ bütün imkanları ilə əks-hücuma başlamayıb. Ehtimal edilən fasilə Ukraynanın əks-hücumunun başa çatması demək deyil. Çünki əməliyyat fasilələri böyük hücum əməliyyatlarının xarakterik xüsusiyyətidir”.
Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Ukrayna qüvvələri iyunun 18-də cəbhənin ən azı 4 istiqamətində əks-hücum əməliyyatlarını davam etdirib və bəzi əraziləri azad edib: “Geolokasiya görüntüləri Ukrayna qüvvələrinin Kreminna şəhərindən 30 kilometr cənubda məhdud irəliləyiş əldə etdiyini göstərir”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna Silahlı Qüvvələri daha əvvəl əks-hücum əməliyyatının başlandığını elan etmişdi. Rusiya Prezidenti Vladimir Putin bunu etiraf edib.