- Köşə

Xoş gəldin, anamın yarıda qalan, Mənə əmanət müqəddəs yaşı…

Vüsalə MƏMMƏDLİ

Elə bir yaşdayam ki,
anam o yaşı dolmamış tərk edib məni.
Qəribə duyğular sarılıb mənə
Yenə “gələnlərim gəlib”.
O vaxtsız getdi, mənsə vaxtsız böyüdüm.
Ondan sonra ayları illər kimi böyüdüm.
Ürəkdən gülmək istəyəndə
qırılmağım, donmağım yadıma düşür.
Artıq mənim də əlimə
yaşlılıq ləkəsi düşüb
Əziz gəlir o ləkələr mənə…

Anamın
doldura bilmədiyi o yaşdayam mən.
Onun yarım qalan fəsillərini artıq yaşamışam mən.
İçimdə bir uşaq, bir ana gəzir…
Güzgüdə baxışım onunkudurmu?
Bəlkə, gülüşlərim bənzəyir ona?
Atam olsaydı deyərdi…
Həyatımızda o qədər qəribə nüanslar olub ki?
Evimizi təmir edəndə qapıların tutacaqlarını dəyişməyin, demişdi atam.
Ananızın əllərinin izi var onlarda…
Bu yaşı üfürə-üfürə yaşayam gərək.
Bundan belə ikimizin yerinə yaşayam gərək