- Manşet, Mədəniyyət

Cəlil MƏMMƏDQULUZADƏ. Baş yarmaq

 

«İrşad» qəzetini oxuyanlar həmin qəzetin 18-ci nömrəsində ikinci səhifənin üçüncü sütununda yazılan sözləri əlbət ki, oxudular. Orada belə yazılıb: «Baş yarmaq, zəncir vurmaq, Qasım otağı gəzdirmək adətlərinin cümləsi artıq bir günahdır və bu, islam şəriətində heç bir kitabda və qanunda yoxdur və hər kəs ki, bu işləri əmələ gətirsə, böyük günahkar hesab olunur».

Bu sözlərə şəhər qazisi Mirməhəmmədkərim ağa, Axund Hacı Molla Ruhulla, Axund Cavad, Axund Ələkbər, Axund Şeyx Məhəmmədcavad, Axund Hacı Qəvam, Axund Hacı Molla Ağa, Hacı Mirmöhsün, axund Molla Əbülqasım cənabları yekdil razı olub imza etdilər».

Bir il bundan qabaq mən bu sözləri yuxuda görsəydim və gedib qonşumuzda Molla İbrahimə desəydim ki, mənim yuxumu təbir elə, yəqin ki, Molla İbrahim mənə deyərdi: «sən yuxuda dəli olubsan».

Yazıq camaat, biçarə, avam, yazıq müsəlman milləti, binəva müsəlmanlar! Dəxi nə oyun qaldı ki, biz mollalar sizin başınıza gətirməmiş olaq? Biçarə müsəlmanlar! Bir gün deyirik, qatıq ağdır, deyirsiniz – bəli, sabah kefimiz istəyəndə deyirik qatıq qaradır, deyirsiniz – bəli.

Yazıq müsəlmanlar! Bakıda qazilər buyururlar ki, baş yarmaq günahdır, deyirsiniz – bəli, Naxçıvanda qazilər buyururlar ki, yarmamaq günahdır, deyirsiniz –bəli, Ərbdəbildə Axund Mirzə Abdulla buyurur ki, qardaşın övrətin almaq və yetimlərinin küçəyə salmaq savabdır, deyirsiniz – bəli, Danabaş kəndində Molla Cəfərqulu buyurur ki, bığların qabağını vurdurmamaq haramdır, deyirsiniz – bəli. Biçarə müsəlman milləti!

Bəli, Bakı qaziləri, buyurursunuz ki, baş yarmaq günahdır. Çox əcəb, pəs indiyəcən bu sözlər harada idi? Pəs bildir nə deyirdiniz? Bə üç il bundan irəli niyə dəstə qabağında dolanırdınız və baş yaranlara deyirdiniz: «Ədə, Kərbəlayı Həsən, bərk vur». Pəs niyə əlinizə dəsmal alıb ağ köynəklərin qanını silirdiniz ki, gözlərini açıb bir də başlarına vursunlar? Pəs niyə razı olurdunuz biçarə hammallar, fəhlələr və Allahın kasıb bəndələri öz əlləri ilə özlərini naxoş eləyib aylar ilə müalicəyə möhtac olsunlar və kəsbi-ruzidən qalsınlar?

Pəs niyə razı olurdunuz ki, əcnəbilər tamaşaya gəlsinlər və müsəlmanların bu cür işlərini görüb və əkslərini götürüb kitablar bağlasınlar və tamam yer üzündə bizi vəhşi adı ilə adlandırsınlar?

Yazıq müsəlmanlar! Bütün yer üzündə heç bir məmləkət, heç bir tayfa mənim ağlıma gəlmir ki, orada bir ruhani, ya bir alim çıxa minbərə və ağzına gələni deyə və camaat da gözlərini yumub və ağzını göyə tərəf açıb deyə: «Bəli, belədi, qurbanın olum».

Mənim yəqinimdir ki, əgər Bakı camaatının yerinə pataqoniya camaatı olsaydı, ya Sibirin meşədə yaşayan tayfalarından biri olsaydı, genə mollaların bu sözlərinin qabağında bir cavab verərdilər, deyərdilər ki, axır ay ağalar, bu nə sözlərdi danışırsınız, bu yekəlikdə zarafat olmaz. İndiyədək bizə buyururdunuz müsəlmançılıq ibarətdir baş yarmaqdan və mollalara sitayiş etməkdən, amma indi özgə cür danışırsınız, bizi ələ dolamamısınız ki?

Biçarə müsəlmanlar! Bəli, bəli, müsəlman qardaşlar, axırda gələcəksiniz mənim sözümə: mən bir neçə ay bundan qabaq demişəm ki, mollaların hamısına belə bağlamayın. Mən demişəm ki, onların içində həqiqi molla, yəni doğurçuq molla çox azdı. Mən sizə demişəm ki, özünüz dərs oxuyunuz, uşaqlarınızı oxudunuz və görün ki, dünyada nə var, nə yox. Demişəm ki, yalançı mollaların sözünə aldanmayasınız.

Bəli, müsəlman qardaşlar, indi Bakıda sizə qazilər deyirlər ki, müsəlman kitablarında baş yarmaq yazılmayıb, amma bir il bundan qabaq sizə deyirdilər ki,müsəlmanın yetmiş iki min kitabı var və bu kitabların əsl və mötəbəri “İxtiyarat” kitabıdır və bu kitabda yazılıb ki, Təbrizin kənarında bir çeşmə var ki, hər baş yaran gedib bu çeşmədə başının yarasını yusa, haman dəm yarası yaxşı olar.

Amma indi bu sözəl hara, o sözlər hara!!! Hələ nələr görəcəksiniz! Nələr eşidəcəksiniz! Yazıq müsəlmanlar!

«Molla Nəsrəddin» jurnalı, 10 fevral 1907