- Dil, Manşet

Gülyaz ƏLİYEVA. “Potom pozdno olacaq”

İki ildən artıqdır ki, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” Bakı şəhərində reklam və obyekt adlarının əcnəbicə yazılmasına qarşı yorulmadan mübarizə aparır. Məsələ ilə bağlı aidiyyatı orqanların, demək olar ki, hamısına rəsmi müraciətlər edilib. Mərkəzin sədri və əməkdaşları Bakının M.Ə.Rəsulzadə, M.Şərifzadə, M.Füzuli, H.Cavid, B.Vahabzadə, Haqverdiyev, Şıxəli Qurbanov və başqa küçələrinin, Azərbaycan prospektinin monitorinqini apararaq, obyekt və müəssisə adlarını leksik-linqivistik təhlil ediblər. Monitoqinlərin nəticələri elektron mətbuatda işıqlandırılıb. Şəhərin bu biabırçı görkəmini əks etdirən 500-dən artıq şəkil müxtəlif qurumların rəhbərlərinə edilən müraciətə əlavə edilməklə aidiyyatı orqanlara göndərilib.

FADMM sədri bir neçə ziyalı ilə birlikdə ötən iki ildə BŞİH-də, Bakı Şəhəri Reklam İdarəsində (BŞRİ) rəsmilərlə  görüşüb, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) və BŞİH nümayəndələri ilə birgə monitorinq keçirib. Problemin çözülmə yolları mütəxəssislərlə  birlikdə müzakirə edilib. Müzakirələrdə müəyyən nəticələrə gəlinib. Güman edirdik ki, bu müzakirələrdə gəlinən nəticələri yerinə yetirməyə, işi vaxtında görməyə, pandemiya və müharibə şəraiti mane olub, o üzdən BŞRİ və ADRA verdikləri sözü tuta bilməyib. Ancaq müharibə igid əsgərlərimizin, pandemiyada həkimlərimizin inadcıl səyi nəticəsində Azərbaycanı tərk etdi, dil işğalı isə hələ də aramızda, bizimlə birlikdə qalmaqdadır. Maneəsiz surətdə yaşayır və inkişaf edir, hətta çiçəklənmə dövrünü yaşayır, desəm, yanılmaram. Özü də ADRA-nın gözləri qarşısında və sayəsində. Hələ də ürəkaçan bir nəticə görünmür. Bir il müddətində FADMM məsələ ilə bağlı Dövlət Dil Komissiyasının üzvlərinə, MM-in 120 deputatına və son günlərdə isə Milli Məclisin sədri Sahibə Qafarovaya  müraciət edib ki, bəlkə, bir insafa gəlib ana dilini, dövlət dili olan Azərbaycan dilini – sıxışdırılıb küçələrdən çıxarılmış dövlət dilimizi millətin, xalqın vəkili olan şəxslər Bakı küçələrinə qaytaralar. Neçə vaxtdır etdiyimiz müraciətlərin nəticəsindən bunu gözlədiyimiz halda, əksinə, nəinki təkcə Bakıda, Azərbaycanın bütün rayonlarında, hətta ucqar kəndlərində də artıq hər kəs ana dilini unudaraq açdığı balaca köşkə belə əcnəbi ad qoyur. Hazırda Azərbaycanın hər yerində əcnəbi dilli reklam və obyekt adları özünün renessans dövrünü yaşamaqdadır. Artlq hər kəs bu hala oyrəncəli olub və sanki aidiyyatı orqanlardan heç birini bu narahat etmir. Halbuki  “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanun”un  gücündən istifadə etməklə məsələyə müdaxilə edə, yoluna qoya bilərlər.

“Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanun”un 7.1-ci maddəsində qeyd edilir ki, reklamlarda əcnəbi dillərin  tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Eləcə də “Reklam haqqında Qanun”un 4.7-ci maddəsində  qeyd edilir ki, “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməlidir. Bakı küçələrində Qanuna nə dərəcədə riayət edilir?!

Bu gün  gözünü dünyaya açandan getdiyi hər yerin adının əcnəbicə olduğunu görən gənc nəsil bunun qanunauyğun olduğunu düşünür. “Yüz  eşitməkdənsə, bir görmək yaxşıdır”, –  deyib atalar. Odur ki,  bağça yaşlı uşaqlar da bir-biriləri ilə  oyun oynayarkən “öz obyektlərini” əcnəbicə adlandırırlar. Dünyanın heç bir yerində bu cür anormal hal yoxdur ki, əcnəbi dil paytaxt şəhərdə dövlət dilini sıxışdırıb onun  üzərində hökmranlıq eləsin. Heç kəs qətiyyən: “Dünyanın hər yerində belədir”, – deyib özünə təsəlli verməsin. Bunun belə olmadığına, heç uzağa getmədən, elə yaxın qonşularımız olan dövlətlərdən istənilən qədər nümunə göstərə bilərik. Müstıqil Azərbaycan Respublikasının paytaxtı Bakı küçələrində Azərbaycan dilinin sürgün olunmasına son qoymaq lazımdır. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin əməkdaşlarının apardığı  monitorinqlər göstərir ki,  müstəqil bir respublikanın paytaxtının küçələrdə dövlət dili olan Azərbaycan dilindən obyekt və müəssisə adlarından cəmi 20-30 %-ində istifadə olunub ki, onlar da ucuzvari kiosk və dükanların payına düşür.

Bu, çox ciddi məsələdir. Dil normalarının pozulması “Dövlət dili haqqında” Qanunun pozulmasıdır və bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı  8 may 2020-ci il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində  dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa 533.1-ci maddə əlavə edilib. Həmin maddədə oxuyuruq: “Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə  – fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir”.

Bu işə tezliklə bir əncam çəkilməlidir, əks halda gələcəkdə Bakıdan çəkilən şəkillərə baxan nəsillər 21-ci əsrdə Bakıda Azərbaycan dilindən istifadə olunmadığını zənn edəcəklər.  Kim təminat verə bilər ki, əsrlər sonra bu şəkilləri nümunə göstərməklə, saxtakarııqda, yalançılıqda tayı-bərabıri olmayan  ermənilərin törəmələri Bakının Azərbaycan şəhəri olmadığını iddia etməyəcəklər?  30 ildə erməni yazısı yazılmış daşların üzərinə sirkə töküb “qədimləşdirməklə” Qarabağın azərbaycanlılara məxsus olmadığını “sübut etməyə” çalışan ermənilər sayəmizdə gələcəkdə bu sahədə  elə də böyük əziyyət  çəkməyəcəklər. Əlbəttə, bu dediklərimi yandığımdan deyirəm. Gəlin, bu işə laqeyd qalmayaq.  Mirzə Cəlil demişkən, papağımızı qarşımıza qoyub, bir az da özümüzün şıxsi mınafeyimizi, balalarımızın rifahını, gələcəyini deyil də, Azərbaycan xalqının milli-mənəvi sərvəti, kimliyi, gələcəyi, dövlət atributlarından biri olan ana dilimiz  barədə dərin-dərin fikirləşək. Əks halda “potom pozdno olacaq”.