- Köşə

Gülyaz ƏLİYEVA. Xətrimə dəydin…

Uşaq vaxtı anamın sözü tez-tez xətrimə dəyir, ondan küsürdüm. Ondan küsəndə də təkcə ondan yox, bütün dünyadan küsər, özümü dünyadan təcrid edərdim. Elə olanda hətta stolun altına girər, oradan çıxmazdım. Bir dəfə orada oturub o qədər: “Allah, məni öldür, xətrimə dəydiyi üçün anam yansın-tökülsün”, – deyibmişəm ki, axırda stolun altında ürəyim gedib, məni güclə ayıldıblar. Ondan sonra anam mənimlə ehtiyatla dolanar, bu qızın xətri çox yaxındır, – deyərdi, söz tez xətrinə dəyir və xətrimə dəyməməyə çalışardı… Nədənsə o hadisə bu gün yadıma düşdü və mən internetdən “xətirə dəymək” söz birləşməsinin mənasını axtarıb-araşdırmaq istədim. “Xətrinə dəymək” sözünü yazıb araşdırmağa başlamışdım ki, qarşıma Ağadadaş Ağayevin “Xətrinə dəydi” mahnısı çıxdı və mən məcburən onu dinləməli oldum:

Qurban sözünə, yar, özünə, yar, həsrətin qəddimi əydi,
Axı mən nə dedim, ay gözəlim, ay mələyim, xətrinə dəydi?

Mahnını dinləyəndə ağlıma gələn ilk bu oldu ki, bu aşiq gör el dilincə desək, nə qədər “tipoy” və ya keydir ki, qızın xətrinə dəysə də, niyə dəydiyini anlamır, yəni, üzrü qəbahətindən betərdir, ya da gör bu qız nə qədər dəymədüşərdir ki, niyə, nə səbəbə, hansı sözə görə xətirə dəydiyini bu yazıq aşiq anlaya bilmir.

Sonra Aşıq Ələsgərin: “Nə dedim, xətrinə dəydi; Üzün məndən niyə döndü?” – misralarını da xatırlayanda bu qənaətə gəldim ki, problem, deyəsən, anlamaz aşiqlərdədir. Sözü deyirlər, sonra:” Nə dedim ki, xətrinə dəydi “,- deyə anlamazdan gəlirlər… bunu burda qoyub, başladım yenidən axtarmağa. Sonra yeni oxuyanlardan Tural Davutlunun yepyeni – 2023-cü ildə yazılmış “Xətrinə dəydim” mahnısı altyazıları ilə gəldi, nə gəldi. Diqqətimi mahnının sözlərindən çox, alt yazılardakı orfoqrafik səhvlər cəlb etdi. Onu olduğu kimi sizə təqdim edirəm:

“Ayrılandan üzün gülür heç belə peşmanda deyilsən
Dərdim olmusan heç dərdimə dərmanda deyilsən
Axı mən ağılsız nə bileydim ki sən insanda deyilsən
Bəlkə sənə mələk dedim mələklərin xətrinə dəydim

Mən elə bir ah elədim küləklərin xətrinə dəydim
Ürəyimə bir nəfər saldım ürəklərin xətrinə dəydim
xətrinə dəydim
Sevir ya sevmir deyə bir bir qoparıb təsəlli tapdım Güllərin üstündə olan ləçəklərin xətrinə dəydim
xətrinə dəydim
Sevir ya sevmir deyə bir bir qoparıb təsəlli tapdım
Dərdiyim hər güllərin çiçəklərin xətrinə dəydim”…

İl ola 2023-cü il. Mahnının alt yazısında bir dənə də olsun durğu işarəsindən istifadə edilməyə… üstəlik, digər orfoqrafik səhvlərlə yanaşı, “da”nın şəkilçi kimi hər dəfə bitişik yazılması ovqatımı elə təlx elədi ki, xətrimə elə dəydi ki, mahnını yarıda kəsməli oldum, bilmədim ki, “o ağılsız” axırda bilə bildimi ki, mələklə, küləklə, ləçəklə, çiçəklə, “sən insan da deyilsən”,- dediyi qızla yanaşı, yüzlərlə dinləyicisinin və minlərlə Azərbaycan dili və ədəbiyyat müəlliminin, eləcə də milyonlarla ana dili daşıyıcısının da xətrinə dəyib… Ona görə yox ki, qıza “insanda deyilsən” deyib, ona görə ki, orada “da”nı bitişik yazıb… Nəysə… bunu da burda qoyub, axtarışımı davam etdirməyə başladım..

Və nəhayət, “xətir” sözünün mənasını tapdım. “Xətir” sözü dilimizə ərəb dilindən keçmiş, hörmət, ehtiram, sayğı; şan-şərəf mənasında işlənir. Onu da deyim ki, “xətir” sözü ərəb dilindən keçsə də, dilimizin sözləri ilə qaynayıb -qarışmış, hətta öz feillərimizlə də doğmalaşaraq frazeoloji birləşmələr yaratmış, atalar sözlərimizdə belə işlənmişdir. Bu sözdən “Xətrini əziz tutmaq”, “Xətrini istəmək”, hətta “Xətir üçün xəstə yatmazlar”, atalar sözü də yaranmışdır.
Xətir sözü, həmçinin: Xətir qoymaq (saxlamaq) – hörmət eləmək, hörmətini saxlamaq; güzəşt eləmək.
Xətri qalmaq – incimək, narazı qalmaq, könlü qırılmaq.
Xətri xoş olmaq – ürəyi açılmaq.
Xətri(n) istədiyi qədər – yəni, ürəyi(n) istədiyi qədər.
Xətrindən keçməmək – ifadələrinin də yaranmasına səbəb olmuşdur.
Sonra düşündüm ki, bu ərəblərdən gəlmə “xətir” sözü ilə can-ciyər olub işlənən, öz sözümüz olan “dəymək” feilinin də mənasını araşdırım görüm ki, hansı mənalarda işlənir? Məlum oldu ki, bu sözün 15-dən artıq mənası varmış.
1. Toxunmaq.

Mixək əkdim ləyəndə; Mixək boynun əyəndə; Bir cüt qurban demişəm; Əlim əlinə dəyəndə (bayatı).

Əl vurmaq, əlini toxundurmaq.

Şeylərə dəymə! Kitablara dəymə! – Hacı Murad: Yox, oğlum, dəymə, yetişəndə yığıb sənə göndərəcəyəm.
S.S.Axundov.

2. Bir şeyə yetişib toxunmaq, rast gəlib toxunmaq.

Aslan bəy: …Hər halda 30 güllə atılarsa, ondan biri dəyəcək…
C.Cabbarlı.

Cavad: Güllə də igiddən qorxar, o həmişə qorxağa dəyər.
Ə.Vəliyev.

Məcazi mənada. Toxunmaq, pis təsir etmək, təhqir etmək. Qəlbinə dəymək. Könlünə dəymək. Onun sözü mənə dəydi.

– Eh, gözüm, nə dəyib köyrək könlünə? Ey şirin güftarım, nöşün ağladın?
M.P.Vaqif.

Fəxrəddin bəy: Sözün var, söz danış, qəlbə dəymək nə lazım!
N.Vəzirov.

Rövzəxana dəydi baqqalın sözü; Dişlərin qıcırdıb qızardı gözü.
M.S.Ordubadi.

4. “Gözə”, “gözünə”, “gözümə” sözləri ilə – görünmək, sataşmaq. Çoxdandır gözümə dəymirsən.

– Qarovul: Gedən yoldaşlardan da gözə bir nişan dəyməyir.

Ə.Haqverdiyev.

Həsən kişinin gözünə bir qaraltı dəydi.
M.İbrahimov.

5. “Qulağa”, “qulağına”, “qulağıma” sözləri ilə – yetişmək, qulağa çatmaq.

Əmiraslan ağa: Ah, yenə qulağıma bir söz dəydi.
S.S.Axundov.

Azca keçməmiş iki atlının səsi küçədən Gülnazın qulağına dəydi.
M.İbrahimov.

Bayramın qulağına at ayaqlarının tappıltısı dəydi.
M.Hüseyn.

6. “Yerə” sözü ilə – yıxılmaq.

Yeni məhbus üzü üstə yerə dəyib zarımağa başladı.
M.İbrahimov.

Kişi səndələdi, ağzı üstə yerə dəydi.
M.Hüseyn.

7. “Soyuq” sözü ilə – soyuqlamaq, soyuğun təsirindən xəstələnmək.

Gər dəysə soyuq, sancılanıb olsa da bimar; Hökm et, gələ cindar.
M.Ə.Sabir.

Əhməd, balam, üstüaçıq niyə yatıbsan, soyuq dəyər.
A.Divanbəyoğlu.

8. “Bir-birinə” sözü ilə – qarışmaq.

…Dünya və aləm bir-birinə dəyib.
C.Məmmədquluzadə.

Dünya bir-birinə dəyib.

Əlində bir berdankası olan hər kəs yerə-göyə sığmır.
Mir Cəlal.

9. Məcazi mənada. Baş çəkmək, bir yerə, ya birisinin yanına az vaxt üçün getmək.

Mirzədadaş: …Sən get, evə dəy, mən də gedim, görüm arvad süfrəni açıbdırmı?
N.Vəzirov.

Əbil: Mən kötükçıxaran maşınlara dəyib, tez gəlirəm.
Ə.Vəliyev.

10. “Köməyi”, “yardımı” və s. sözləri ilə – köməyi, yardımı olmaq, faydası olmaq, xeyri olmaq.

Bir-iki qohum və əqrəbasından və bir neçə dövlətli tanışlarından savayı Hacı Məcid əfəndinin kimə faydası dəydi?
C.Məmmədquluzadə.

Aslan bəy: Qoy deməsin camaat ki, Aslan bəyin kasıblara bir köməyi dəyməyir…
C.Cabbarlı.

Bu işdə Şəmsiyyə və sərtib Səliminin də Firiduna köməyi dəymişdi.
M.İbrahimov.

11. Məcazi mənada. Mənası olmaq, lazım olmaq.

Belə bir gözəllik uğrunda vuruşmağa dəyirdi.
Ə.Məmmədxanlı.

Dəyər şəklində – layiqdir. Yaxşı maldır, almağa dəyər. Baxmağa dəyər.
Əks mənada bəzən inkar şəklində işlənir.

Hiç gül olmaz tikənsiz, hiç şadi qüssəsiz; Dərmə gülündən anın, çün güli dəyməz xarinə.
Nəsimi.

Hacı Qara: Bu sözlər bir pula dəyməz, axırıncı sözümdür, məni məəttəl eləməyin! Tez olun, yaraqlarınızı salın!
M.F.Axundzadə.

12. Dəyib-dolaşmaq şəklində – toxunmaq, sataşmaq, mane olmaq.

Yoldaşlarımızdan biri: Nəyimə dəyib-dolaşacaqlar? Yanımda nə pul var, nə qiymətli bir şey.
M.Rzaquluzadə.

13. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr əmələ gətirir; məs.: göz dəymək , zərər dəymək, başı daşa dəymək, dişi-dişinə dəymək.

Xətirə dəymək haqqında bu qədər uzun yazmağım xətrinuzə dəyməsin. Sözümün canı odur ki, əziz adamın sözü xətirə dəyir, xətiri yaxın olmaq özü də saflıqdandır. Sözü xətrinizə dəyən insanlardan inciməyin və sözü xətirə dəyən insanların qədrini bilin. Necə deyərlər? “Uman yerdən küsərlər”. Hər adamın dediyi söz də xətirə dəyməz… biləsiniz…