- Mədəniyyət

Bu gün görkəmli balerina Leyla Vəkilovanın doğum günüdür

Bir zaman səhnədə Qu quşu obrazını canlandıranda, zərif bədəninin plastika imkanlarından məharətlə istifadə edərək bütöv bir əfsanəni auditoriyaya çatdıranda, sənətsevərlərə və pərəstişkarlarına ülvi hisslər aşılayanda, ağlına belə gətirməzdi ki, vaxt gələcək, o da öz sənəti ilə insanların qəlbində əfsanəyə çevriləcək. Rəqsin, baletin uşaq vaxtından vurğunu olan bu gözəl qız səhnədə yaratdığı obrazlara bütün ruhunu verir, tamaşaçıları öz qəhrəmanının arzusuna, sevincinə, kədərinə şərik etməyi bacarırdı…

AZƏRTAC xəbər verir ki, bu gün SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın anadan olmasının 96-cı ildönümü tamam olur.

Leyla Vəkilova 1927-ci il yanvarın 29-da Bakıda dünyaya göz açıb. Xoreoqrafiya məktəbində böyük sənətkar Qəmər Almaszadədən sənətin incəliklərini öyrənib, 1943-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasına solist qəbul edilib. İxtisasını təkmilləşdirmək məqsədilə 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib, Bakıya qayıtdıqdan sonra Opera və Balet Teatrının aparıcı balet aktrisası kimi çalışıb.

Leyla Vəkilova müxtəlif illərdə A.Adamın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” və digər baletlərdə yaddaqalan obrazlar yaradıb.

Balet ustası 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnini tədris edib və 1992-ci ildən bu təhsil ocağının bədii rəhbəri olub. O, həmçinin 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblına rəhbərlik edib.

Leyla Vəkilovanın yaradıcılığı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Balerinanın 70 illik yubiley tədbirində Ulu Öndər şəxsən iştirak edib.

Görkəmli balet ustası Leyla Vəkilova 1999-cu il fevralın 20-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.