- Dil

Kanadalı soydaşımız Yeganə Cəfərova: “Azərbaycan dili Torontoda rəsmi olaraq xarici dil kimi tədris olunur”

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” (FADMM) 2021-ci ildən etibarən xaricdə yaşayan soydaşlarımızla da əlaqələr qurur, Kanada, Hollandiya, İsveç, Latviya, Macarıstan, Rusiya və digər ölkələrdə yaşayan soydaşlarımızın ana dilindən istifadə, onun tədrisi və təşviqi istiqamətində imkanlarını öyrənir, prolemlərinin həllinə çalışır. Bu, FADMM-in bütün dünya azərbaycanlılarını vahid ədəbi dil, leksika, qrammatika, orfoqrafiya… ətrafında birləşdirmək səylərinin bir hissəsidir. Kamilinfo.net Dünya Azərbaycanlılarnın Həmrəylik Günü və Yeni il öncəsi müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın ürək sözlərini dəyərəli oxucuları ilə bölüşməyi özünə borc bilir. Budəfəki qonağımız kanadalı soydaşımız, Toronto Şəhər Təhsil Mərkəzinin Xarici Dillər Bölməsinin Aərbaycan dili diniflərinin rəhbəri, Azərbaycan Qadınlarına Dəstək Cəmiyyətinin idarə heyətinin üzvü Yeganə Cəfərovadır:

“2023-cü ilin sentyabrından artıq Toronto Şəhər Təhsil Mərkəzinin Xarici Dillər bölməsinin tərkibində tədris olunan Azərbaycan dilinin 18-ci tədris ilinə başlamışıq. Azərbaycan dili rəsmi olaraq xarici dil kimi Toronto məktəblərinin birində tədris olunan 50-dən çox dildən biridir. Dilimizin tədrisi Kanadının tədris sistemi çərçivəsində lakin Azərbaycan dilində aparılır. Bütün dillər üçün eyni program tərtib edilir və dərslər isə hər ölkənin öz dilində keçilir. Hər tədris ilinin əvvəlindən sonunadək dərslərimizi dörd və ya beş əsas mövzu ətrafıda keçirik. Mövzular məktəbəqədər yaşdan 8-ci sinfədək dil bacarığı nəzərə alınmaqla tədris edilməlidir. Hal-hazırda iki sinfimiz var. Bu siniflərdə müxtəlif yaş qrupları var. Məktəbə hazırlıq qrupu, 1-ci, 2-ci və 3-cü siniflərin şagirdləri bir sinifdə, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci siniflər isə digər sinifdə ana dilimizi öyrənirlər. Dilimizin qramatikası, yazı və oxu da tərtib edilmiş proqramın bir hissəsidır. Yanvarda və iyun aylarında şagirdlərin biliklərinin qıymətləndirilməsi onlara təqdim olunan qıymət vəsiqəsində öz əksini tapır. Hər dərs iki saat yarım olaraq həftədə bir dəfə keçilir və dərsin proqramı xüsusi formatda biz dil müəllimləri tərəfindən yazılır. Yazdığımız dərs proqramlarından biri müəllimin bilik və bacarıqlarının yoxlanılması üçün xüsusi metodistlərə elektron firmatda göndərilir. İldə iki və ya üç dəfə bütün dil müəllimləri bir günlük təkmilləşdirmə kurslarında iştirak etməlidirlər ki bu da müəllimi mütamadi olaraq öz üzərində çalışmağa vadar edir.

Bundan əlavə 2020-ci ildə Toronto Şəhər Təhsil Mərkəzi Azərbaycan dili klaviaturasını qəbul etmişdir. Həmçinin 26 fevral Xocalı soyqırımı günü kimi 2021-ci ildən təhsil mərkəzinin təqvim cədvəlinə mənim təşəbbüsümlə əlavə edildı. Hər il tədris ilinin başlanğıcında təqvim cədvəli tərtib olunduqda Xocalının anım günü də yazılır. Həmin gün dərs gününə düşərsə Azərbaycanlı şagirdlər və müəllimlər evdə qalır ki bu da üzürlü səbəb sayılır.

Bütün bunlar bizim dilimizə, soydaşlarımıza və nəhayət vətənimizə olan biz sayqıdır ki buna illərdir nail olmaq üçün mübarizə aparmışam.

Arzu edirəm ki gələcəkdə başqa ölkələrdə də dilimizin tədrisi həmin ölkələrin də dövləti səviyyəsində tədris sisteminə daxil ediləcək.

Fürsətdən istifadə ediərək bu bayram ərəfəsində öz xoş arzularımı dilə gətirmək istəyirəm.

2023-cü il də dünya tarixinin səlnaməsinə qızıl hərflərlə yazıldı. Qarabağımız 30 illik həsrətdən sonra bütünlüklə düşmən əsarətindən azad olundu. Astanasında olduğumuz 2024-cü ildə vətənimizə, xalqımıza və bütün soydaşlarımıza sülh, əmin-amanlıq və bol naliyyətlər arzulayıram.

Biz, dünyada yaşayan.  Azərbaycanlılar da hər zaman olsuğu kimi birlikdə vətənimizi yüksək daha da səviyyədə təmsil edək.

Bayramınız mübarək olsun!”