- Köşə

Kant və Federal Dünya Respublikası

İmmanuel Kant (1724-1804) filosof və təbiətşünas ailm kimi tanınır. O, həmçinin Əbədi Sülh və Federal Dünya Respublikası ideyalarının müəllifidir. O, Avropada müharibələrin gah sönüb, gah da alışdığı dövrdə yaşayırdı. 30 illik (1618-1648) və yeddi illik (1756-1763) müharibələr Vestfaliya və Paris müqavilələri ilə başa çatsa da, konfliktlərin aktiv fazaya keçməsi zaman məsələsi idi. Kant müharibənin kökünü dövlətlərin daxili quruluşunda və dövlətlərarası münasibətlərin düzgün qurulmamasında görürdü.

1795–ci ildə Kant Əbədi Sülh: Fəlsəfi eskiz əsərində Əbədi Sülh konsepsiyasını irəli sürdü. Kant deyirdi ki, Federal Dünya Respublikasını təsis etməklə müharibələrə son qoymaq və Əbədi sülhə nail olmaq mümkündür. Onun fikrincə, Federal Dünya Respublikası elə bir mühitdir ki, orada  insan növünün mükəmməl vətəndaş birliyi yaranacaq. Kantın Əbədi Sülhə çatmaq “resepti” üç mərhələdən ibarət idi:

Kant birinci mərhələdə dövlətlərdə vətəndaş haqlarının təmin edilməsini vacib bilirdi. XVIII əsrdə bu anlayış müasir baxışlardan hələ çox uzaq idi. Bununla belə, köləliyin ləğvi, monarxiyadan konstitutsiyalı Parlament Respublikasına keçilməsi və seçib-seçilmək hüququ (bu hələ qadınlara aid deyildi) kimi anlayışlar mövcud idi. Bu haqda fransız mətəfəkkirləri – Russo, Volter, Didro da yazmışdılar və Fransa inqilabı (1789-1794) bu ideyaları özünün şüarı etmişdi. Kantın Fransa inqilabına münasibəti ikili idi: O, xalqın öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyir, lakin XVI Lüdovikin edamını və qanlı terroru qanunsuz sayırdı. Yalnız İkinci Dünya Müharibəsindən sonra insan haqları anlayışı BMT-nin Ümumdünya İnsan Haqları Bəyannaməsində indiki formasını aldı.

Kant ikinci addım kimi dövlətlər arasında mübahisələrin beynəlxalq hüquq müstəvisində nizamlamağın vacibliyini qeyd edirdi. Vestfaliya (1648) və Paris (1763) müqavilələri belə bir görüntü yaratsa da, Beynəlxalq münasibətlər sisteminin əsası Birinci Dünya müharibəsindən (1914-1918) sonra qoyuldu və İkinci Dünya müharibəsindən (1939-1945) sonra indiki formasını aldı.

Üçüncü mərhələdə Kanta görə, Federal Dünya Respublikası və Əbədi Sülh ortaya çıxmalı idi.  Avropa dövlətləri Kantın dövründə yeni Beynəlxalq münasibətlər sistemini yaratmağa və Federal Dünya Respublikasını təsis etməyə hazır deyildilər. XIX əsrdə şovinizim, imperializm və milli dözümsüzlük dövrü başladı, XX əsrdə Bəşəriyyət iki dünya müharibəsinin dəhşətlərini yaşadı.

XVIII-XIX əsrlərdə qloballaşma hələ özünün ilk kövrək addımlarını atırdı. Böyük coğrafi kəşflər Avropanı Amerika, Afrika  və Asiya ölkələri ilə birləşdirsə də, bu əlaqələr mal mübadiləsindən kənara çıxmırdı. Millətlər, mədəniyyətlər və dinlər arasında sərhədlər keçilməz dağlara bənzəyirdi. Lakin dünyanın birləşməsi mexanizmləri artıq işə salınmışdı.

Dövrümüzə qayıdaq. Bəşəriyyət XXI əsrdə tarixin “ən yaxşı” və “ən pis” dövrlərini yaşayır. Əvvəlcə “pisdən” başlayaq: “milli suverenlik bütünə” səcdə edən dövlətlərin silahlanması davam etməkdədir. 2025-cü ildə qlobal hərbi xərclər 2,6 trilyon dolları ötüb və regional qarşıdurmaların üçüncü dünya mühaibəsinə keçmə ehtimalı hələ də yüksəkdir; planetin təbii resurslarını inhisara almış transmilli şirkətlər və dövlətlər onları amansızcasına istismar edir; gəlirlər insanlar və dövlətlər arasında qeyri-bərabər şəkildə paylanıb, hədsiz varlanma ilə yoxsulluq arasında fərqlər dərinləşməkdədir; iqlim dəyişmələri, biomüxtəlifliyin azalması və torpaq resurslarının sürətlə tükənməsi baş verir.

İndi də “yaxşını” nəzərdən keçirək: nüvə silahını əldə etməyə can atan dövlətlər artsa da, nüvə müharibəsi təhlükəsi Soyuq Müharibə illəri ilə müqayisədə xeyli aşağıdır. Bütün dövlətlər yaxşı anlayır ki, kiminsə bu addımı atması onun tam təcridinə gətirib çıxaracaq; insan haqlarının pozulduğu ölkələr mövcud olsa da, onların sayı ildən ilə azalmaqdadır, hər yerdə millətlərin demokratiya və liberializmə meyillənməsi güclənir. Şübhəsiz ki, yaxın onilliklərdə totalitar və mürtəce teokratik rejimlər tarixin zibilxanasına atılacaq; qloballaşmanın təsiri altında dövlətləri, millətləri və mədəniyyətləri bir-birindən ayıran iqtisadi, siyası, mədəni sərhədlər dağılmaqdadır. Kantın Federal Dünya Dövləti artıq utopiya kimi görünmür və dövrümünüz zəruriyyətinə çevilməkdədir. Əbdül –Bəha (1844-1921) yazır:

İstər millətlər və ya dövlətlər olsun, getdikcə daha çox bir-biri ilə qarşılıqlı surətdə bağlanırlar. Ona görə ki, heç kim müstəqil və sərbəst qala bilməz və xüsusilə də ona görə ki, siyasi münasibətlər bütün xalqları və millətləri birləşdirməyə, ticarət, sənaye, kənd təsərrüfatı və mədəniyyət əlaqələri isə gündən-günə möhkəmlənməyə başlamışdır. Demə­li, bütün Bəşəriyyətin Birliyinin həyata keçirilməsi indi mümkün olmuşdur.

Beləliklə, qlobal inteqrasiya prosesləri dövlətlər arasında münasibətləri dəyişməkdə, onları eyni qaydalar qurmağa və “Dövlətüstü qurum” yaratmağa məcbur edir. Bununla belə, dövlətlərin inteqrasiya olunmaq arzusu ilə suveren hüquqlarını qorumaq istəyi arasında ziddiyət yaranıb; ölkələr inteqrasiyanın faydasını və zəruriliyini görüb ona can atır, eyni zamanda “suverenlik ehkamından” da əl çəkmək istəmirlər. Bu Orta Əsrlərdə feodal dağınıqlığını yaşayan ölkələrin vəziyyətini xatırladır: lokal feodal qurumlar bir tərəfdən öz suverliyini saxlamaq istəyir, digər tərəfdən isə əmin-amanlıq naminə mərkəzləşdirilmiş kral hakimiyyətini arzu edirdilər.

Əlbəttə, suverenlik “azadlıq illüziyası” yaradır. Bertran Rassell yazır: Beynəlxalq qurumu yaratmaq mümkün olarsa, o zaman dünyada indikindən daha çox azadlıq olacaq. Federal Dünya Dövləti dövlətlərin suverenliyini müəyyən sahələrdə məhdudlaşdırsa da, əslində onları bir çox funksiyalardan  azad edəcək, məsələn, hərbi xərclər azalacaq, gömrük və sərhəd mühafizə sistemləri yox olacaq, hökumətlərin qarşılıqlı fəaliyyətlərindəki maneələri aradan qalxacaq. Deyilənlərdən aydın olur ki, indiki qlobal proseslər güclü dövlətüstü Federal Dünya Dövlətinin yaradılması zəruriyyətini ortaya qoymuşdur.  Görən BMT bu funksiyanı boynuna götürə bilərmi? BMT, ona verilmiş hüquq və vəzifələri ilə bu iqtidara malik deyildir.  Düzdür, fəaliyyətində bəzi çatımazlıqlara baxmayaraq, XX əsrdə ən əhəmiyyətli fəaliyyət istiqaməti planetdə sülhü bərqərar etmək, müharibəsiz gələcəyə yol açmaq olmuşdur. Bununla belə, onun cəhdləri planetimizdə sülh və firavanlıq erasına gətirib çıxartmadı. Qlobal problemlər – lokal müharibələr, zənginlər və yoxsullar arasında fərqin artması, qadınların üzləşdikləri bərabərsizliklər, hər yerdə ailə institutunun dağılması, ekoloji problemlərin kəskinləşməsi və s. həll olunmamış qalır. İki yoldan biri seçilməlidir: BMT ya əsaslı şəkildə reforma edilməli, ya da ləğv edilib yerində geniş səlahiyyətli Beynəlxalq qurum yaradılmalıdır. Bu o deməkdir ki, Kantın Federal Dünya Respublikası artıq fəlsəfi xəyal deyil – insan cəmiyyətinin təkamülündə növbəti mərhələdir.

Şövqi Əfəndi (1897-1957) “Millətlərə çağırış” əsərində dünyanı “suverenlik bütündən” əl çəkib nəzərlərini Bəşəriyyətin Birliyinə yönəltməyə çağırırdı. O, yazırdı:

Millət quruculuğu sona çatmışdır. Dövlət suverenliyinə xas olan anarxiya kulminasiya nöqtəsinə doğru irəliləyir. Yetkinliyə doğru böyüyən bir dünya bu fetişdən imtina etməli, insan münasibətlərinin birliyini və bütövlüyünü qəbul etməli və həyatının bu təməl prinsipini ən yaxşı şəkildə təcəssüm etdirə biləcək mexanizmi birdəfəlik qurmalıdır.

Azər Cəfərov

Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru