Gənc şairin qələmində yeni növhə
Keçən məqalədə mərsiyənin ilk nümunəsi və Azərbaycan ədəbiyyatında yaranan mərsiyə nümunələrindən bəhs etmişdik. Bu gün isə məqsədimiz bu mövzunun davamı olaraq mərsiyənin aktual mövzularından olan Əli Əkbər ibn əl-Hüseyn barədəki mərsiyələrin forma və ideya cizgilərini yığcam şəkildə göstərməkdir.
Kərbəla şəhidlərindən olan Əliəkbərin tarixi-bədii obrazı ədəbiyyatmızın mərsiyə janrında xüsusi canlandırılaraq şairlərin bədii təxəyyülünün əsas
istiqamətlərindən biri olmuşdur. Cənubi Azərbaycanın ölməz şeir ustadlarından Əbülhəsən Racinin yaradıcılığında İmam Hüseynin böyük oğlu Əli Əkbər xüsusi yer tutur.
Hər kim istər ki, havadar ona peyğəmbər ola
Gərək aləmdə əzadari Əli Əkbər ola.
Bakıda Orucov qardaşları mətbəəsində nəşr olunmuş “ Şükufeyi ğəm” adlı mərsiyə toplusunda( 86-87-ci səhifədə) yer alan Ərdəbildən olan şair Molla Əhməd Faizin yazdığı mərsiyədə bacısı Səkinənin döyüşə getmək ərəfəsində qardaşı Əkbərə müraciətini təsvir edir.
Getmə meydana ey Əli Əkbər,
Anan Leyla özün həlak eylər
Münqiz ibn Mərrə yolun gözlər.
Bu sən qardaş, bu neçə min ləşkər
Arami can qardaş, Ruhi rəvan qardaş,
Tazə cavan qardaş, Şirin zəban
qardaş.
Qardaş, getmə, getmə, getmə bu qanlı meydanə
Gəl bir edim, edim, edim o zülfünə şanə
Qurban olum, olum, olum bu ləbi ətşanə.
Növhə ədəbiyyatında M.Ə.Sabirin Həzrəti Əli Əkbərə həsr etdiyi “Baxdı çün Əkbərinin nizədə Leyla üzünə “ mətləli mərsiyə də öz bədiiliyi və lirik əlvanlığı ilə seçilir.
Ümumiyyətlə, Əli Əkbər əlehissalam haqqındakı mərsiyələrdə anası Leylanın dili ilə də onu döyüşdən çəkindirmək, hələ toy görmədiyini, əlinə həna yaxıb oğlunun boynuna xələt salmasını arzuladığını dilə gətirən motivlər aparıcıdır. Müasir dövrümüzdə gənc şair, klassik üslubda aşiqanə şeirlər yazan Bakı Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin məzunu, Beyti təxəllüslü İmran Aslanlı Əli Əkbərə dair yeni bir mərsiyə yazıb. AMİN ( Azərbaycan Milli İnkişafı Naminə) İctimai
Birliyinin üzvü olan İmranın təbi rəvan, fikirləri aydındır. Yeri gəlmişkən, qeyd edim ki, AMİN İB-nin çox vətənpərvər və ədəbiyyatsevər gənc üzvləri vardır və onlar klassik janrlarda şeirlər yazırlar. İmran Beytinin mərsiyəsinin orijinallığı isə bundadır ki, digərlərindən fərqli olaraq burada anası Leyla onu döyüşdən vaz
keçməyə yalvarmır, əksinə, onun döyüşə atılıb haqq uğrunda cihad etməsinə təşviq edir. İmran Beyti qəzəllərində olduğu kimi mərsiyə janrında poetik məharətini layiqincə göstərir. 6 bənddən ibarət olan mərsiyə belə başlanır:
Çək bəla bəzmi ara başına bir sağər , oğul
Yeri bismillah , ayaq saxlama, cəngavər oğul.
Bilirəm öldürər axirdə məni hicranın
Çək üzündən saçını, Əkbər, olum qurbanın
Eləyim yol boyu təkrar yüzün Quranın
Ayə-ayə bilirəm gərçi onu əzbər, oğul.
Mərsiyənin sonrakı bəndlərində oğul dağına səbr edəcəyini, heç bir ananın oğlunun ölümünü görməməsini arzulayan , düşmən ordusunun onun qədir-qiymətini dərk etməkdə aciz olduğunu vurğulayan həzrəti Leylaya müəllif sonuncu bənddə belə xitab edir:
Şahlər qorxu ilə gəldiyi an məhşərə kaş
Beytiya həzrəti Leyla o cənab Əkbərə kaş
Səni həm tapşıraraq söyləyə ol Sərvərə kaş
Qapımızda bu üzü qarə olub nokər, oğul
İmran Aslanlının ədəbiyyata və mənəvi dəyərlərə olan saf məhəbbəti, ədəbi ənənələrə sadiq və özünəməxsus tərzdə davam etdirərək yazdığı
yeni növhə ilə klassik şeir janrına yeni nəfəs və yeni baxış gətirməsi gələcəkdə poeziya aləmində istedadı ilə parlayacağından bir işartıdır.
Natəvan Bağırova









