Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında görkəmli aktrisa, Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyinə həsr olunan “Qaynana” tamaşası nümayiş etdirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tamaşa Muqimiy adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrında təqdim olunub.
Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycan teatr sənətinin Özbəkistanda təbliği istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. O, Azərbaycan və Özbəkistan xalqlarının ortaq tarixi-mədəni irsə və zəngin sənət ənənələrinə malik olduğunu vurğulayaraq, bu cür birgə layihələrin iki ölkə arasında mədəni diplomatiyanın inkişafına, teatr kollektivləri arasında yaradıcılıq əlaqələrinin genişlənməsinə və Azərbaycan–Özbəkistan mədəni əməkdaşlığının daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib. Akif Marifli qeyd edib ki, Azərbaycan Mədəniyyət Mərkəzi yerli teatr kollektivləri ilə əməkdaşlıqla yanaşı, 2025-ci ildə Mərkəzin nəzdində yaradılmış “Xarıbülbül” teatr truppasının fəaliyyəti vasitəsilə də Azərbaycan teatr sənətinin zəngin ənənələrinin Özbəkistanda yaşadılması və təbliği istiqamətində ardıcıl işlər həyata keçirir.
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Nəsibə Zeynalovanın Azərbaycan teatr və kino sənətinin inkişafına verdiyi mühüm töhfələrdən bəhs edib, yaratdığı unudulmaz obrazların milli mədəniyyətimizdə xüsusi yer tutduğunu söyləyib. Səfir vurğulayıb ki, Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarixi köklər, milli-mənəvi dəyərlər və çoxəsrlik dostluq ənənələri iki ölkə arasında münasibətlərin möhkəm təməlini təşkil edir. Bu baxımdan “Qaynana” tamaşasının Daşkənddə səhnələşdirilməsi iki qardaş xalq arasında mədəni əlaqələrin inkişafının və qarşılıqlı sənət ənənələrinə göstərilən ehtiramın daha bir nümunəsidir. Səfir “Qaynana” tamaşasının yüksək peşəkarlıqla səhnələşdirilməsinə görə teatrın yaradıcı heyətinə təşəkkürünü bildirib. O, Azərbaycan dramaturgiyasının digər nümunələrinin də özbək səhnəsində təqdim olunmasının qarşılıqlı mədəni mübadilənin genişlənməsinə və iki ölkənin teatr kollektivləri arasında yaradıcılıq əlaqələrinin inkişafına xidmət edəcəyini vurğulayıb.
Muqimiy adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrının direktoru Fotih Jalolov Azərbaycan və Özbəkistan arasında teatr sənəti sahəsində əməkdaşlığın inkişafından danışıb. O, Azərbaycan dramaturgiyasının və səhnə əsərlərinin özbək tamaşaçıları tərəfindən daim maraqla qarşılandığını qeyd edərək, “Qaynana” tamaşasının səhnələşdirilməsinin iki qardaş xalq arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Teatrın direktoru layihənin həyata keçirilməsində göstərilən əməkdaşlığa görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.
Tədbirin sonunda “Qaynana” tamaşasının ərsəyə gəlməsində iştirak edən yaradıcı heyətin üzvləri Azərbaycan teatr sənətinin Özbəkistanda təbliğinə və iki ölkə arasında mədəni diplomatiyanın inkişafına verdikləri töhfələrə görə təşəkkürnamələrlə təltif olunublar. Layihə Azərbaycanın zəngin mədəni irsinin Özbəkistanda təbliğinə, xalqlarımız arasında mədəni əlaqələrin genişlənməsinə və Azərbaycan–Özbəkistan xalqları arasında əbədi dostluğun möhkəmlənməsinə mühüm töhfə verib.









