Bu qərblilərdən heç xoşum gəlmir. Yalançı, simulyant, həm də oğrudurlar. Yuqoslaviyada on minlərlə müsəlman qətlə yetirilir, narahat olurlar, Misirdə qanuni prezident hərbi çevrilişlə taxtdan salınır, “oyy” eləyib ürəklərini tuturlar, Suri-yada bir cani öz xalqının qanını içir, narahat olurlar. Ey siyasətin kriştiano ronaldoları, dieqo kostaları, qismən serxio buskesləri, kimi aldadırsınız? Bunun hamısının arxasında özü-nüz durursuz. “Off” da layihənin tərkib hissəsidir. Mən saydım, ötən il bunlar düz 71 214 dəfə narahat olublar.
Həri. Bu qərblilər həm də oğrudular. Məsələn, Azərbaycanda fəaliyyət göstərən “ASAN xidmət”i öz adlarına çıxırlar. Guya BMT İnkişaf Proqramı “ASAN xidmət”in yara-dılmasında iştirak edib. Nə bilim, bu, başlanğıcı 1998-ci ildə qoyulan qlobal elektron hökumət layihəsinin tərkib hissəsidir. “BMT İnkişaf proqramı Azərbaycan”da isə deyirlər ki, “ASAN xidmət”in təlim hissəsini bu təşkilat həyata keçirib və s. Yalandı. “ASAN Xidmət”in saytında da yazılıb ki, bu, ölkədə aparılan ciddi islahatların təzahürüdür, Azərbaycan brendidir.
Üstəlik, məndə olan məlumata görə, “ASAN xidmət”in ideyasını hələ XVI əsrdə böyük şair və və mütəfəkkirimiz Füzuli verib.
Məlumdur ki, Məhəmməd Füzuli məmurlardan çox əziyyət görüb. O, rüşvətxor məmurların ucbatından Sultan Sü-leyman Qanuninin ona ayırdığı təqaüdü ala bilmirmiş. “Şikayətnamə”ni orta məktəbdə oxumuşuq: “Salam verdim, rüşvət deyildir deyə almadılar…”. Böyük şairimiz bu bəlanın kökünü kəsmək üçün ideya irəli sürüb:
Qayda-qanun olmayanda rüşvət payidar olur.
Yaxşı-yaman hər kəs alıb-verməyə vadar olur.
Məndə tövfiq olsa, ol xidməti “ASAN” eylərəm
Növbahar olğac dikəndən bərgi-gül izhar olur…
Deyilənə görə, bu ideya əsasında hazırlanan layihə həyata keçirilməmiş şəkildə YAP-ın Kərbəla rayon təşkilatının arxı-vində qalıb. Ölkədə ictimai-siyasi sabitlik olmadığı üçün icra edilməyib. Göründüyü kimi, bu, milli ideyadır və 500 il tarixi var.
Nə isə… Məncə, biz “ASAN xidmət”lə kifayətlən-məməliyik. Çünki iqtisadiyyatımız güclüdür. İqtisadiyyat güclü olan dövlət bir yerdə durmaz, gözü Üçtəpə sağsağanının gözü kimi oyur-oyur oynayar, iqtisadiyyatı güclü olan dövlət bədöy atlar kimi dırnağınnan yer cırar, şaxə qalxar… Quzu kəsərəm iqtisadiyyatı güclü olan dövlətə….
Həri. Buna görə bir neçə yeni strukturun ideyasını verirəm:
“ASAN gillət”. Adam var ki, türklər demiş, klıbıkdı – yəni arvadın diktaturası altındadı. Belə kişilər, bir qayda olaraq, adam balası kimi içə bilmir. Xüsusən toy məclislərində arva-dağa ilə rubəru və ya yanaşı oturanda işlər rusca olur. Bu zaman “ASAN gillət”in səyyar xidmətini təklif etmək olar. Klıbık arkadaş “Su üstə gedirəm” deyib salondan çıxır, müvafiq kabinədə bir çapma stəkan araq gillədib, üstündən bir nanə çeynəyib qayıdır məclisə.
“ASAN şiddət”. İçində nifrət yükü daşımaq çox çətindir. Öd ifrazı artır, adam qəzəbli olur, başqa xəstəliklər yaranır. Ona görə boşalma lazımdı. “ASAN şiddət”də müxtəlif adamların manekenini sifariş vermək olar. Məsələn, tutalım qaynanan sitəmkardı. Siçan dərmanı verib öldürməyə də qorxursan. On-da qaynananın şəklini verirsən bu xidmətə, orda maneken hazılanır. Get rahatca saçından tut belədən belə sürü. Yoxsa münaqişə ailələr dağıdır, hətta ölüm halları olur. 90-cı illərdə bir döyüşçü eşidib ki, qaynanası arvadını yenə evə aparıb. Gedib qaynanasıgilə, evdəki adamların hamısını çıxarıb, bircə qaynanası qalıb. Sonra evə qumbara atıb tikə-tikə eləmişdi. “ASAN şiddət” olsaydı, bu hadisə baş verərdi? Məsələ qaynana ilə bitmir. Hansı məmurdan zəhlən gedir, get manekenini sifariş ver. Sonra al əlinə dubinkanı, nöyüt iyi verincə çırp və yüngülləş.
“ASAN sünnət”. Məncə, təfərrüata ehtiyac yoxdur.
“ASAN hiddət”. Bəzən insan onu hiddətləndirən obyektin üzünü görmür. Ona görə “ASAN şiddət”də maneken sifariş verib çırpmaq olmur. Məsələn, işıq, qaz, su olmayanda məlum ünvanlara müraciət edirsən, ya telefonu götürmürlər, ya da məşğul göstərir. Onda içində yığılan hirsi soyutmaq üçün gedirsən bu struktura, səni aparırlar bir kabinəyə. Telefonu götürüb milli qarğışları yağdırırsan ehtimal edilən şoğəribin ünvanına: “Sizi görüm qara yerə girəsiniz, boyunuza Varxiyan qəmişi ölçüm, ay çərhəya, telefonu götürün barı…”
Vəssalam, layihə tamam.