- Ədəbiyyat

Pərvanə BAYRAMQIZI. Bir şeirin sorağında…

İstedad püskürən mətn olmayacaq. Bir şeirin sorağında duyduğum hissləri qələmə alıram. Yazılma səbəbi oxucu kimi qəbul edəcəyim xanımdır. O, sevdiyi bir şeiri tapmasını dostundan xahiş edib. Dostu da, necə deyərlər, işi peşəkara etibar etdi, yəni xanımın istəyini həyata keçirməyi məndən istədi. Ölmürəm şeir üçün? Ölmürəm insanları sevindirmək üçün? Ölmürəm oxucuların sorğularını yerinə yetirmək üçün? Ölürəm. Oxucu xidməti şöbəsində çalışmasam da, kitab, yaxud hansısa əsər istəyən adamın müraciətini sevə-sevə qəbul edirəm. İşimi buraxıb həmin istəyin arxasınca gedirəm. İki yaşlı qadına sevdiyi şeiri tapıb verəndə ağladıqlarını əvvəllər yazmışdım. İnsanları sevindirməklə özüm də xoşbəxt oluram. Məhz xoşbəxt oluram. Başqa adı yoxdur.

Mövzu yenə şeirdir, amma bu dəfə tək bircə şeirdən yazacam. Bəlkə də, yazmaq demək olmaz. Əslində yazdığım yazıya başlamaq fikrim də yox idi, öz-özünə alındı. Təbii surətdə yaranan hər şey gözəl olduğundan fürsəti qaçırmadım. Elə maraqlı, təsirli məqam oldu ki, yazı masasına qaça-qaça gəldim. Əvvəlki mətnlərdə şeirə özümün verdiyim “tərifləri” təkrarlamaq istəmirəm. Şeir özü özünü təqdim edəcək.

İnboksuma göndərilən səsi dinlədim. Bir qadın pafossuz, qəlbinin səsiylə şeir səsləndirmişdi. Bildirir ki, Vaqif İbrahimin şeiridir, onu təzədən oxumaq istəyir, amma tapa bilmir. Həmin saatdan quqlu ələk-fələk elədim, kütləvi kitabxanaların əməkdaşlarını “səfərbərliyə çağırdım”, tapılmadı ki tapılmadı. Axırda kitabxanaçı kimi suallar verməyə başladım: təxminən nə vaxt oxumusunuz, harda rast gəlmisiniz və s. Jurnalın adını öyrənincə çalışdığım kitabxananın mətbuat zalında “Ulduz”un köhnə nömrələrini axtarmağa başladım. Nəhayət, 1983-cü ilin dekabr ayında nəşr edilən buraxılışında Vaqif İbrahimin şəkli göründü. “Tapmasam, bağrım partlayacaq” demişdim, az qaldı tapanda bağrım partlasın. Sevincdən atılıb-düşməyimdən uşaq təsiri bağışladığıma əmin idim. Qırx yaşlı adamın bir qadının istədiyi şeiri tapdığına bu cür sevinməsi, bəlkə, çoxuna dəlilik kimi də görünər. Qadının istəyini yerinə yetirdiyimə, işimin öhdəsindən gəldiyimə sevinməkdən başqa, burda şeirə sevgi də vardı. Qadınınsa sevincini duymaq üçün gərək onunla şəxsən danışaq…

Oxuyanda üzərində dayandığım bir bəndin həqiqət olduğu həmin anlarda sübut olundu.

Sağ ikən adları göz deşənlərin
Qalmayıb dünyada izi, tozu da –
Dizini bu dövran qatlayıb deyə!
O şöhrət hərisli yer “eşənlərin”
Birinin adı da düşməyir yada –
Zaman üzərindən adlayıb deyə!

Vaqif İbrahimin özünün üstündə torpaq ot bitirib, sözünün üstündən zaman at çapırdıb, amma gördüyünüz kimi,  bu gün bir qadının ürəyi şairin sözlərindən ötrü doğması üçün darıxan adamtək titrəyir. Bu sözün dəyərini anlayıb onu ehmalla işlətmək istedadının nəticəsidir. Dünyanı çoxdan tərk edən Vaqif İbrahimin sözünün ömrü öz ömründən uzun oldu. Şair adını da beləsinə deyirlər.

Siz də oxuyun, məncə, razılaşacaqsınız.

Üstündən adlama, böyüyə bilməz

Bir uşaq yıxılıb önündə arxın,
Ağlayar… gözünün yaşını silməz.
“Üstündən adlayıb keçmə uşağın,
Boyu kiçik qalar, böyüyə bilməz”.

Yıxılan o körpə uşaq mənəm, mən,
Kimisə yolundan saxlayan anam.
Özüm də bilmirəm, bilmirəm nədən
Andım o sözləri, andım bu axşam.

Düşməzdi yadıma o çağlar indi,
Bir qız ürəyimi odlamasaydı.
Mənim ilk sevgim də böyüyəsiydi,
Üstündən o qansız adlamasaydı.

Kim keçsə, üstündən halal ruzunun
Darıxma, onu da dövran əyəcək.
Hansı ümidinin, hansı arzunun
Üstündən keçsələr, böyüməyəcək…

Adam var, hələ də özünə gəlmir,
Qalıb dərd əlində qəm yeyə-yeyə.
Yaş ötür… boy atıb böyüyə bilmir, –
Üstündən adlayıb keçiblər deyə.

Dil var ki, üstündən çox dil adlayıb.
Elə kiçik qalıb, söz deyə bilmir.
El var ki, üstündən yad el adlayıb,
Odur ki, hələ də böyüyə bilmir.

Çox baxdım izinə ötən anların.
Gördüm hər adlama nəs deyil ancaq,
Yaxşısı, pisi var, fəqət onların,
Baxır nəyin üstdən nə adlayacaq!

Sağ ikən adları göz deşənlərin
Qalmayıb dünyada izi, tozu da –
Dizini bu dövran qatlayıb deyə!
O şöhrət hərisli yer “eşənlərin”
Birinin adı da düşməyir yada –
Zaman üzərindən adlayıb deyə!

Hansı haqsızlığı cürət adlasa,
O yerdə həqiqət bar verəcəkdir.
Haqqın üzərindən rüşvət adlasa,
O yerdə xəyanət göyərəcəkdir.

Mənim ilk sevgimdən adlayıb keçən
İndi peşimandır, gülər, şən deyil…