- Köşə

Pərvanə BAYRAMQIZI. “Şəhid balalarından utanıram”

Atamı elə bir vaxtda itirdim ki, ağlamağa, yetimlik xiffəti eləməyə xəcalət çəkdim. Şəhid balalarının atalarının qəbrini qucaqlayıb ağladıqlarını, qollarında özlərindən ağır şəkil daşıdıqlarını gördükcə “ata” deyib ağlamağa cürət etmədim. Utandım şəhid balalarından. Qınayarlar məni. Gözlərindən sanki “otuz doqquz yaşlı yetim iki, üç, dörd, on dörd yaşlı yetimə dayaq olmalıdır” fikrini oxuyuram.

“Yetmiş beş yaşı vardı, ömrünü yaşamışdı, balalarını böyüdüb uğurları ilə sevinmişdi” deyə təsəlli verənlərə atalarının ölümündən sonra doğulan körpələri görəndə haqq qazandırıram. Bu körpələr ata qayğısının nə olduğunu bilmədən böyüyəcək, ataları ilə bağlı xatirələri olmayacaqdır. Elə bilirəm şəhid övladları yetmiş beş 25-dən çoxdur… lap çox… deyərlər. Onların yanında ağlamaq cəsarətim ölüb… utanıram deyəm ki, hansı yaşda olursa olsun, ata itkisi ağırdır. Bu sənin qəlb evinin divarının uçmasıdır. Sevinməyə, gülməyə olan həvəsinin ölməsidir. Qəfildən gözünə görünər, qəfildən səsi qulağına gələr — atam çağırır — deyib qapıya yüyürərsən. Rəftarın ətrafdakılara qəribə görünər, sənsə möcüzə gözləyərsən.

Asılqanda tozlanan geyimləri bir dərd olar, əyləşdiyi yerdə onu görməməyin ikinci dərd. Üçüncü dərdin sözü-söhbəti şifahi xalq ədəbiyyatı kimi yaddaşına yazılmasıdır. Dərdin saymaqla bitməz ki. Hələ telefonu… susmuş telefon da bir ayrı dərddir. Səhər açılanda “sabahın xeyir” yazacağını gözləyərsən, ehtiyacın olar “ata, kömək elə” yazmaq istəyərsən. Əlini telefona atıb baxarsan ki, sonuncu mesajını oxumayıb — onda acı həqiqəti dərk edər, möcüzədən əlini üzərsən. Son mesaj kibrit çəkər ürəyinə, alovundan özünü qoymağa yer tapmazsan. Göz yaşların yanğınsöndürənə dönər.

Gəlməyinin faydası olmaz, onsuz da külə dönmüsən. Anamı “telefona atam səndən tez cavab verir” deyə qınamağı da yadırğayıram. Mobil telefonların yeni yayıldığı vaxt ilk öyrəndiyim nömrəni indi yığa bilmirəm. Silə də bilmirəm. Silmirəm. Yazdıqlarımızı əzbərləyirəm. Gecələr atasızlıq havasızlığında boğulanda o mesajlar oksigen olur mənə. Gündüzlər xatirələrini, gecələr dərdimi yazıram. Yaxşı ki, yazmaq varmış. Yaxşı ki, sinə daşına da yazmaq olur.

Yaşadıqlarımızı, bu qədər yazdıqlarımı bacılarımla birgə bir cümləylə ifadə etdik: ELƏ GÖZƏL ATA OLDUN Kİ, XOŞBƏXT UŞAQLARA HƏSƏD APARMADIQ. Amma onu rəssam yazdı. Daşdan yazmağı bacarsam da, daşa yaza bilmirəm. Atamla bağlı hər şeyi yaddaşa yazdım.