- Köşə

   “Pis əsgər”

Bir az əvvələ gedək. Keçən il feysbuk hesabımda paylaşmışdım: “Pis” əsgər” “Elə atalar sözləri, məsəllər, rəvayətlər var ki, yerli-yersiz  söylənildiyindən “halı kəsilib”. “O əsgər pis əsgərdir ki, general olmaq istəmir” ifadəsi kimi. Bu məsəli heç sevmirəm. Direktor olmaq istəyən müəllimdən tutmuş, elə general olmaq istəyən əsgərədək hər kəs bunu nümunə gətirir. Belə bir niyyətə düşmədiyimçün çoxu təəccüblənir. Belələri ilə sözüm tutmur. Əmr etməyi heç cür bacarmıram. Bizim cəmiyyətdə də bunsuz rəhbər olmaq mümkün deyil. İstəyənlərə qismət olsun. General olmaq eşqində, bəlkə, bir az da şöhrətpərəstlik  var, amma sinəsini güllə qabağına verən xalqı müdafiə edən əsgərlər heç bir təmənna güdmədən ölümə gedirlər.

Mən o əsgərlər kimi səssiz-səmirsiz xidmət etmək istəyirəm. General olmadan, fədakarcasına”. Beləcə yaşayıram, təmənnasız-filansız. Kimdənsə mükafat gözləmədən. Mənə görə ləyaqət, vicdan hər şeydən üstündür. Nə vaxtsa maddi dəyərlər bu cəhətlərimi üstələyə bilməyəcək. Həmişə olduğu kimi yenə pafosdan uzağam. Yazdıqlarım kimiyəm, yazdıqlarım da məni kimidir. Nə üçün yaşayıb, nə etmək istədiyimi sübut etmişəm. Bilənlər bilir. Çoxu görməzdən gəlir. Yaxşı cəhətləri başqasında müşahidə etməyi qəbul edə bilmirlər. Yaxşı ki… bu yaxşı ki, xeyli səhifə tutacaq. Səbirli olun. Özümü tərifləmirəm. Tərifə layiq olan minlərlə insan var. Əsas mətləbə gələnəcən məcbur olub bir az özümdən yazıram. Elə insan var ki, yaxşı insanların axtarışında olduğundan onlara rast gələndə sevinir, pislik etmək ağlına gəlmir. Əksinə onun könlüncə hərəkət edir ki, insanlara olan inamı itməsin.

Belə insanların çox olduğuna həmişə inanmışam. Bilirdim ki, əvvəl-axır belə insanlarla qarşılaşacam, bilirdim ki, bu  keyfiyyətlərimi görən, dəyərləndirən olacaq. Həmişə vurğulayıram: Yaxşı insanların varlığına sevinərək yaşadığımdan üç-dörd paxılın üzündən ruhdan düşmürəm. Əksinə adamda immunitet yaranır. Ədəbiyyata sevgisinə, ana dili uğrunda apardığı mübarizəyə görə fərqləndirdim Vasif Sadıqlını. Bakıdan uzaqda böyüyərkən arzulayırdım belə insanların əhatəsində olmağı. Rast gəldim, virtual ünsiyyətimiz yarandı, sevindim. Hər gün bir az tanıdım, hər gün yeni nəsə öyrəndim ondan. Ana dilinə qayğısı da ona qoşulmağıma səbəb oldu. Düşündüm ki, gördüyü işlər dilə və millətə lazımdır. Ətrafında toplanmaq hamımızın borcudur.

Elə bil illərlə ürəyimdə yığılıb qalan mövzunun yazılmağı Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin təsis edilməsini gözləyirmiş. Sən demə, məktəb illərindən sevib bağrıma basdığım Azərbaycan dili kitabıma olan sevgimi izhar etməyə bu Mərkəz səbəb olacaqmış. O kitabı Quran kimi öpüb gözlərimin üstünə qoymağımı heç kəsə deməmişdim. Başa düşməyəcək, güləcəklər deyə. Ana dili və ədəbiyyat fənnini möcüzəli bir eşqlə sevmişəm. Ali məktəblərə tələbə qəbulu zamanı topladığım bal daha çox həmin fənlərin səbəbinə olurdu. Azərbaycan dilinə borcumu ödəməyimə FADMM-ın yaradılması kömək oldu. Övladlarım dil açandan onlara ana dilinə sevgi aşılamaqla yanaşı, ətrafımdakılara da sözləri əcnəbi dildə işlətdiklərini irad tutmuşam.

Bir-iki cahillə də qarşılaşmışam. Özünün dünyadan xəbərsizliyini dərk  etməyən  qadına mənim ana dilinə olan sevgim dərd oldu. İndi onu kimi daha çox adamla qarşılaşıram. Heç olmasa onun təhsili yox idi, cahilliyindəndir deyirdim. Vaxt keçəndən sonra bildim ki, ana dilinin qeydinə qalmayanların çoxu “mükəmməl təhsil” almışlardır. Vasif Sadıqlının ana dili təssübkeşliyi, dillə bağlı gördüyü işlər vətəndaşlıq borcumu yerinə yetirməyimin vaxtı çatdığını hiss etdirdi mənə. Bu yöndə amalımız, əqidəmiz birdir – ana dili sevgisi. Təsisçinin gördüyü işlər, dostların və özümün yazdıqlarımız haqqında təfsilatı ilə yazmağa ehtiyac görmürəm. Maraqlananlar FADMM-ın fəaliyyətini izləyə bilərlər. Yazılan hər yazıda nələrə toxunulub, hansı təkliflər irəli sürülüb özünüz oxusanız yaxşıdır. Yazı, sadəcə, təşəkkür və təbrik üçün yazılır. Mənim mənafe güdmədən mükafat gözləmədən  çalışmağım ağlıma gətirmədiyim bir vaxtda Mərkəz tərəfindən Təşəkkürnamə ilə dəyərləndirildi.

Eqoist olmasam da, siz inanmasanız da, bildiyim bir həqiqəti yazmaq zövqündən özümü məhrum edə bilmərəm. Bu təşəkkürnamə çoxunun gecə gündüz fikirləşdiyi, arxasınca qaçdığı milyonlarla müqayisədə mənim üçün xəzinədir. Onu zəhməti, saflğı, vətəndaşlıq məsuliyyətini dəyərləndirənlər veriblər. Sosial şəbəkədə Təşəkkürnaməni görəndə ömrümdə barmaqla sayılası qədər sevindiyim günlərin sırasında yenilik oldu. Bu həm də otuz səkkiz yaşımın uğuru idi. Ən gözəl, ən əziz uğur. Qiymətli kağız mənim üçün odur. Təşəkkürnaməyə görə təşəkkür etməyim Vasif Sadıqlının ad gününə təsadüf edir. Təbrikim sözdən ibarət olacaq. Sözə dəyər verən, sözü sözdən ayıran, bir sözdən neçə söz yaradan insan üçün sözlə təbrik qiymətlidir. Çünki o ürəyin elçisidir. Ürək onu necə göndərsə, özünü eləcə də təqdim edir. Səmimi, boğazdanyuxarı və s. Mənim sözümdə də həmişə səmimilik olub. Dəyəri də elə budur. Vasif Sadıqlının ətrafındakı insanlar Dədə Qorqudu sevən, Füzulini, Nizamini, Nəsimini əzbər bilənlər, Xətayini asıb-kəsməyənlərdir. Bu cür insanlara hər şeyi etibar etmək olar.

Ehtiyacımız olan ziyalıları sevmək, qorumaq borcumuzdur. Ona görə ki, onlar əsl vətəndaşa məxsus olan cəhətlərə malikdirlər. “Sklerozun xatirələri” kitabında Vasif müəllimdə savad, istedad dünyagörüş birləşdiyini qeyd etmişəm. Yazdıqlarını bunlardan başqa  yumor da bəzəyir. Amma o yumor iki dəqiqəlik guruldayıb qulaqları batıran yumordan deyil. Adamı günlərlə düşünməyə məcbur edir. Vasif Sadıqlının bilik və bacarığından faydalanmaq faydalananlar üçün çox faydalıdır. Ona ədəbi mənbə, müasir dillə vikipediya, nə bilim ququl da demək olar. Axtarın, baxın, oxuyun. Sizin üçün yaxşı olar. Klassiklərə, alimlərə necə həssaslıqla yanaşdığını bilsəniz heyrət edərsiniz. Sözləri necə ehtiyatla işlətməsi də diqqətimi çəkir. İnkar formasında olan fikirlərini elə tərzdə bildirir ki, ona hörmətin, özünə də tələbkarlığın artır. Mən onunla ünsiyyətimə sevinirəm. İşgüzar insan olduğu üçün mənə elə gəlir ki, ona ən gözəl arzu həmişə iş başında olmağı arzulamaqdır. Eyni vaxtda 3-4 işi görmək şakəridir. Belə şakəri də Allah hər adama vermir. Deməli, fərqli bəndədir. “Quran islamı”nı da ona görə yaza bilib. Hə, bir də onun bir özəlliyi də odur ki, “riskə yol verib” “Pis əsgər”i təltif edib. “General olmaq istəməyən pis əsgərlərin” mükafatı daha qiymətli olurmuş.

01.05.2020