- Köşə

Qürbətdə dadıma yetişən Şeyx Nizami babam…

(Ötən illərin xatirəsi)


Poeziya kəhkaşanının parlaq ulduzu NİZAMİ GƏNCƏVİ əsrlərdir ki, dünyanın hər tərəfinə işıq salır. Əbəs yerə demirlər ki, dahilərin bir adı da Vətəndir. Dahi Nizami Gəncəvi də özü ilə bərabər Azərbaycanın adını və şöhrətini dünyaya yayır.

Təkcə yüksək fəlsəfi məna daşıyan əsərləri, aforizmləri ilə deyil, həm də xilaskarlıq missiyası ilə neçə qərinədir ki, ulu şeyx babamızın ÖLMƏZ RUHU da bizə pasibanlıq edir… Bu kiçik xatirəmdə 880 yaşlı poeziya nəhənginin xilaskar ruhu barədə olmuş bir əhvalatdan bəhs etmək istəyirəm.

…2002-ci ilin yanvarın 7– də Nijni Novqorad şəhərinin dəmir yolu vağzalında üç nəfər rus polisi (o vaxt milis adlandırılırdı-N.Ə.) mənə yaxınlaşıb sənədlərimi və çantamı yoxladılar. Sonra üzərimdə olan pulların miqdarını öyrənən kimi məni yaxınlıqdakı bölməyə apardılar. “Müsadirə” olunan pullarımın arasında Nizami Gəncəvinin rəsmi təsvir olunmuş 500 manatlıq əskinas milis zabitinin diqqətini cəlb etdi. Pul kolleksiyası topladığını bildirən zabit Azərbaycanın milli əskinasının üzərindəki şəklin kimə aid olduğunu soruşdu. Mən Nizami Gəncəvinin Karamzin, Derjavin, Jukovski və rus poeziyasının günəşi adlandırılan Puşkindən 6 əsrəvvəl dünyaya gəldiyini, 1941-ci ildə Leninqradın blokadası günlərində orada 800 illik yubleyinin qeyd olunduğunu bildirdim.


Zabitin məni diqqətlə dinləməsi sıravi milislərə bir o qədər də xoş gəlmirdi. Onlardan biri mənə masanın üzərindəki pullarmı göstərib boğazına çırtma vurub səsləndi: “Bu gün müqəddəs gün münasibətilə bizi də təbrik etməyi unutmayın!” 7 yanvarın Provaslav xristianlarda İsa peyğəmbərin mövlud gününün Milad bayramı kimi qeyd olunduğunu bildiyimə görə dedim: “Mən Maksim Qorkinin şərəfinə sovet dövründə Qorki adlandırılan bu şəhərin BAKILI qonağı olaraq yalnız sizə bayramınız mübarək deyə bilərəm.” Ələvə etdim ki, Maksim Qorki də dəfələrlə bizim Bakıda olub. Bu zaman zabitin sərt baxışları sıravi həmkarlarına tuşlandı: Yəni “nəfsinizi cilovlayın!” və onlara amirənə səslə mənə aid olan əşyaları səliqə ilə yol çantama yığmağı tapşırdı. Özü də ayağa qalxıb pasportumu, yazıçılar və jurnalistlər birliklərinə aid olan vəsiqələrimi, masanın üzərində “müsadirə olunmuş” pullarımı mənə qaytardı. Sonra yenə Nizaminin rəsmi olan pulu göstərib qımışa-qımışa soruşdu: “Bəs bu dahi şəxsiyyətin rəsmi olan əskinası rus puluna çevirəndə neçə rubl olar?” Mən də gülümsünərək ona baxdım: “Siz dediniz ki, müxtəlif pulların kolleksiyasını toplayırsınz. İnanmıram ki, kolleksiyanızda Nizami kimi bəşəri dəyərə malik başqa bir dahinin rəsmi olan pul olsun…”


Zabit başı ilə dediyimi təsdiqlədi. Xudahafizləşəndə ona şərqşünas alim, türkoloq Yevqeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabını oxumağı məsləhət bildim.“Mütləq oxuyacağam”- dedi.

…O gün vağzalın saat qülləsindəki lövhədə havanın temperaturu mənfi 33 dərəcəni göstərirdi. Ancaq bir az əvvəl məni üşüdən şaxtanın bağrını elə bil dünyanın poeziya günəşinin odlu nəfəsi yarmışdı. Düşüncələrimə hakim kəsilən və mənə böyük qürur hissi verən Şeyx Nizminin ölməz ruhu qədim Nijni Novqorod şəhərində imdadıma yetişmişdi. Qürbət diyarda qışın qar soyuğunu unudub gedə-gedə şeir, sənət dünyasının məğrur sərkərdəsinin müqəddəs ruhuna şair Tofiq Bayramın misaralarını dua kimi pıçıldayırdım:

Acizəm adına bir təşbeh tapam,

O sənət Məkkəmdir, şeir pirimdir,

Nizami ən qədim, ən müdrik babam,

Nizami ən yaxın müasirimdir.

…Ən qədim və yaxın müasirimz ulu Şeyx Nizami Gəncəvinin mübarək ruhuna əbədi eşq olsun!


Nurəddin ƏDİLOĞLU.