- Mədəniyyət

“Quş dili” tamaşası uzun fasilədən sonra yenidən səhnədə

Azərbaycan “Yuğ” Dövlət Teatrının repertuarında yeni tamaşalardan sayılan “Quş dili” tamaşası yanvarın 23-də nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, tamaşanın müəllifi – rejissor Əbdülqəni Əliyev, mətnin müəllifi -Təranə Vahiddir.

Əsərdə cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrayıl gəlir. Əzrayılın gəlişi həmişə hadisədir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz – külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir. Səhnə əsərində qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən. Aşkar sınağın mükafatı isə gizli gələr həmişə. Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq. Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var.