- Dil, Müsahibə

Seyfəddin RZASOY: “Azərbaycan dilinin linqvostrukturu ortaq türk dili olmağa imkan verir”

kamilinfo-nun budəfəki qonağı AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri,  professor Seyfəddin Rzasoydur. Onunla türk xalqlarının ortaq ünsiyyət vasitəsi, son illər geniş miqyas almış orfoqrafiya dəyişiklikləri, rusdilli təhsilə marağın artması və s barədə danışdıq. 

–  “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda (2013-2020-ci illər) “ortaq əlifba… və ədəbi dillə bağlı birgə layihələrin hazırlanması”nı nəzərdə tutan maddə var idi (6.3.3). Bu, terminoloji yanlışdır, yoxsa kimlərsə, mərhum akademik Tofiq Hacıyev demiş, qarşısına donkixotcasına məqsəd – ortaq dil yaratmaq hədəfi qoymuşdu…

-İlk növbədə sualın aktuallığını vurğulayıb qeyd etmək istəyirəm ki, “ortaq türk əlifbası”, “ortaq türk ədəbi dili” kimi anlayışlara ironik münasibəti ümumən doğru hesab etmirəm. Yəni bu məsələyə ən müxtəlif münasibətləri bildirmək olar, ancaq bunun “donkixotcasına məqsəd”  kimi qiymətləndirilməsi ilə razı deyiləm. Çünki “ortaq türk dili”ndən danışanların hamısının onu necə təsəvvür etmələrindən asılı olmayaraq, məqsədlərinin müqəddəs olduğunu vurğulamağı borc bilirəm. Hər bir məsələyə fərqli yanaşmalar ola bilər, ancaq həmin münasibətlərin hamısının bir məqsədi var: biri-birindən müxtəlif səbəblərdən uzaqlaşmış türk xalqlarını ortaq dəyərlər ətrafında birləşdirmək, ümumtürk amallarından uzaqlaşmağa qoymamaq, türk xalqlarını vahid ideya nüvəsi ətrafında qovuşdurmaq. Bu cəhətdən, mən “ortaq türk əlifbası”, “ortaq türk ədəbi dili” kimi ideyaları şüar-konsept olaraq qəbul edirəm. Çünki onlar mahiyyətcə ülvi ideyalardır. Müasir Azərbaycan filoloji və estetik fikrinin patriarxı prof. Yaşar Qarayevin “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı məşhur şüarı vardır. “Ortaq türk əlifbası”, “ortaq türk ədəbi dili” kimi ideyaların mahiyyətində də “ortaq türk gələcəyinin qurulması” konsepti durur. Ancaq “Bu ideyaların həyata keçirilməsi necə olmalıdır?”, “Ortaqlıq modeli necə qurulmalıdır?” kimi suallar artıq konkret təklifləri nəzərdə tutur. Bu məsələdə isə şüarlar yaramır. “Ortaq türk əlifbası”, “ortaq türk ədəbi dili” kimi məsələlərə praqmatik yanaşmaq lazımdır. Beləliklə, sualınızın bir hissəsinə cavabımı belə yekunlaşdırmaq istəyirəm ki, “ortaq türk əlifbası”, “ortaq türk ədəbi dili” formul-şüarlar kimi gözəldir, lakin onlara yanaşmada artıq şüarlar qırağa qoyulmalı, türk xalqlarının inteqrasiyasını necə təşkil etməyin optimal yolları axtarılmalıdır.

Ortaq türk dili məsələsinə müxtəlif yanaşmalar mövcuddur. Bunun biri türk dillərinin əsasında ümumi türk dilinin yaradılmasıdır. Lakin mən bunu real görmürəm. Ümumi türk dili, əslində, sahibsiz, yetim uşaq statusunda olacaq. Çünki bir dilin arxasında xalq, millət və dövlət durmalıdır. Bundan başqa, hamının anlaya biləcəyi ümumi türk dilinin yaradılması prinsipcə yeni bir dilin yaradılması deməkdir. Bu isə nə maliyyə, nə də siyasi baxımdan mümkün deyildir. Ortaq dilin dünyada acınacaqlı təcrübəsi vardır. Vaxtilə “esperanto” deyilən dil yaramaq ideyası ortaya atıldı, bununla bağlı çoxlu işlər görüldü, qəzet-jurnal buraxıldı. Ancaq layihə işləmədi. Çünki arxasında heç bir dövlət durmurdu. Məsələn, ingilis (anqlosaks) etnosu heç vaxt onun bütün dünyada hegemonluğunu təmin edən ingilis dlinin rolunun keçilməsinə razı olmazdı.

Ən gerçək ideya türk dillərindən birinin ortaq türk dili statusunda qəbul olunmasıdır. Əlbəttə, bütün türk xalqlarının dilləri tarix-mədəni baxımdan zəngin dillərdir. Lakin ortaq olaraq qəbul edilən dil türk dilləri üçün xarakterik olan ümumi cəhətləri maksimum əks etdirməlidir. Türk dillərinin coğrafi xəritəsinə nəzər salsaq, onun tarixi baxımdan şərq və qərb türk dillərinə bölündüyü görərik. Azərbaycan türkcəsi bu iki türkcə arasında körpü rolunu oynayır. Yəni dilimiz həm şərq türkcəsi, həm də qərb türkcəsi üçün xarakterik olan cəhətləri özündə əks etdirir. Bununla mən heç də Azərbaycan türkcəsini digər türkcələrə qarşı qoymuram və onların hamısı mənim üçün eyni dərəcədə əziz və qiymətlidir. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan dilinin linqvostrukturu hər bir səviyyədə ortaq türk dili olmağa imkan verir. Lakin məsələyə praqmatik müstəvidə yanaşdıqda biz Azərbaycan dilini ortaq türk dili kimi görə bilmirik. Çünki türk dilləri arasında ortaq türk dili rolunu oynayan dil artıq vardır. Bu – müasir Türkiyə türkcəsidir. Türkiyə türkcəsi faktik olaraq artıq bütün türk respublikalarının təhsil sistemində, həyatında özünə inamla möhkəm yer tutmaqdadır. Bunun arxasında Türkiyə dövlətinin yeritdiyi siyasət durur. Müxtəlif türk respublikalarında türkcə kurslar, məktəblər, liseylər… vardır. Türk dili keçmiş SSRİ-də şərşünaslıq fakültələrində ərəb və fars dilləri ilə bərabər tədris edilirdi. Türk seriallarının bu dilin populyarlaşmasında rolu böyükdür. Bundan başqa, dünyanın aktual elmi və bədii ədəbiyyatları böyük sürətlə Türkiyə türkcəsinə tərcümə olunur. Bu da öz növbəsində bu dili elmi və bədii baxımdan xəzinəyə çevirməkdədir. Bu cəhətdən, Türkiyə türkcəsinin nümunəsində türk xalqlarının ortaq dili artıq vardır və biz buna təkan verməklə rus dilinin türk xalqları arasında ünsiyyət dili rolunu oynaması faktoruna qarşı dura bilərik.

İndi mən burada “öztürkcə” adı altında vaxtilə aparılmış dil siyasətinin mənfi tərəflərindən, Türkiyə türkcəsinin tarixi-stixial inkişafına vurduğu zərərlərdən, bu gün türk gəncliyi arasında artan kosmopolitizmin ideoloji baxımdan həm də bu siyasətlə bağlı olmasından, türk dilinin, bir növ, “fransızlaşdırılmasından”, ən acınacaqlısı, türk dil inqilabının başında Akop Dilaçar adında bir erməninin durmasından danışmaq istəmirəm. Bu, çox mürəkkəb məsələdir, müsbət tərəfləri ilə bərabər, mənfi tərəfləri də vardır. Lakin hesab edirəm ki, bu, başqa bir söhbətin mövzusudur. Dilimizə sürətlə “basqın edən” varvarizmlərin bir qaynağı da həmin dil siyasətinin nəticələri ilə bağlıdır.

 –Amma sanki ortaq dil yaratmaq üçün Azərbaycan dilini yetərincə incitdilər: orfoqrafik anarxiya, oturuşmuş bir sıra sözlərin Türkiyə türkcəsinə uyğunlaşdırılması… 2018-ci ildə bir sıra sözlərdə qoşa y samitinin birinin ixtisarına cəhd… Amma gerçək ziyalılar ayağa qalxıb bu cəfəng planın qarşısını aldılar. İndi vəziyyət necədir?

-Sualınız ana dilimizin çox ağrılı problemini əhatə edir. Dilimiz üzərində çox böyük oyunlar gedir. Bunların içərisində müasir türk dilindən “varvarizm” modeli ilə gələn axını qeyd etmək istəyirəm. Azərbaycan dili türk dilləri içərisində tarixi-mədəni baxımdan ən mükəmməl dillərdən biridir. Onun üzərində cürbəcür eksperimentlərin aparılmasını, xüsusilə son dövrdə baş verən orfoqrafiya oyunlarını qəti qəbul etmirəm. Dilçilərimiz sözlər, şəkilçilər, hərflər üzərində oynayarkən dilimizin sabitliyini pozur, onu özünün təbii-stxial məhvərindən uzaqlaşdırırlar. Tez-tez həyata keçirilən orfoqrafiya “islahatları” hətta ən yaxın nəsillər arasında orfoqrafik sədlər qurur. Dil necə varsa – eləcə də qalmalıdır. Biz əlifba islahatlarının faciələrini yaşamış xalqıq.

Burada bir məsələni də unutmaq olmaz. Sanki unuduruq ki, Azərbaycan adlanan xalq yalnız Şimali Azərbaycanda yaşayan azərbaycanlılardan ibarətdir. Cənubi Azərbaycanda yaşayan və özünü günü bu gün də türk adlandıran xalqı sanki unutmuşuq. Ona görə də dil məsələlərində yalnız Şimali Azərbaycanın maraqlarına uyğun hərəkət etməməliyik. Bizim Vahid Azərbaycan Türkcəmiz var və atdığımız addımlar ona görə olmalıdır.

-Ortaq dil fitnəsinin tərəfdarlarının əsas bəyan edilən arqumentləri, yəqin ki, türkdilli xalqlar arasında inteqrasiyanı gücləndirməkdir. Digər şirnikdirici “arqumetlər” də var. Xatırlatmaq istəyirik ki, bu məsələ I Türkoloji qurultayda da  (Bakı, 1926-cı il) qaldırılmışdı. Belə çıxır ki, stalinizm dövründə rəsmi Moskvanın türk xalqlarını assimilyasiya etmək yox, türkdilli xalqların inteqrasiyasını gücləndimək, tarixi keçmişini bərpa etmək, onları milli-mədəni fərqləri aradan qaldırmaq kimi proqram məqsədi olan dövlətdə assimilyasiyaya müqavimət gücünə malik monolit mədəni təzahürə çevirmək dərdi varmış…

-Bu sualın cavabında birmənalı şəkildə bildirmək istərdm ki, “stalinizm dövründə rəsmi Moskvanın… türkdilli xalqların inteqrasiyasını gücləndimək, tarixi keçmişini bərpa etmək… dərdi” heç vaxt olmamışdır. Rusiya bu gün kimdirsə, keçən əsrin 20-ci illərində də, çarizm müstəmləkəsi dövründə də o idi. Bu mənada, “Moskoviyanın” türk xalqlarına münasibəti həmişə imperialist xarakter daşımaqdadır.  Sadəcə, burada bir faktoru nəzərə almaq lazımdır. Keçən əsrin 20-ci illərində hələ stalinizm repressiyaları rüşeym halında idi. Ondan əvvəl leninizm repressiyası gedirdi. Stalinizm repressiyası 30-cu illərdən dinamikləşdi. Qurultaya gəlincə, onun keçirildiyi dövrdə hələ türkoloqlar açıq şəkildə təqib olunmurdular. Odur ki, fikirlərini sərbəst formada söyləyə bildilər və bu qurultay rus-bolşevik ideoloqlarına türk ziyalılarının milli ideyalarını öyrənməyə və buna qarşı qanlı strategiya və taktika formalaşdırmağa imkan verdi.

-III minilliyin əvvəllərində sivilizasiya yeni tarixi inkişaf mərhələsinə qədəm qoyub. İnformasiya texnologiyalarının və qloballaşma proseslərinin hökmranlığı getdikcə artır. Bu şəraitdə milli identikliyi qorumaq elə də asan deyil. Dünya sürətlə kiçilir. Ölkələr, xalqlar arasında iqtisadi, mədəni əlaqələr intensivləşir. Üstəlik, bir yandan urbanizasiya, bir yandan da sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, milli özünəməxsusluğun qorunması üçün təhdidə çevrilir. Belə bir şəraitdə ehtimal olunan ekspansiya obyekti kimi digər dövlətlərin mədəniyyət və dil modelləri ilə uğurlu rəqabət (mən deyərdim ki, mübarizə) üçün nələri etməliyik?

Qeyd edim ki, hörmətli Sima xanım, siz bu sualınızla millətimizin və xalqımızın qarşısında duran çox böyük bir problemə toxundunuz. Dünyada bizim istəyib-istəmədiyimizdən asılı olmayaraq, “qloballaşma” adlanan proses gedir. Vurğulamaq istərdim ki, bu proses ona hansı dairələrin necə yanaşmasından asılı olmayaraq, həm də ilahi-dialektik hadisədir. “Vahiddən yaranan dünya – yenə də sonda vahidə müncər olunacaqdır”. Yəni zorla, ya xoşla, millətlərin, xalqların dillərin, mədəniyyətlərin… arasında qovuşma gedir. Kimisi bu prosesdə yalnız iqtisadi maraqların, kimisə milli maraqların dərdini çəkir. Dünya elə bir “oykumen”, yəni evdir ki, biz hamımız bu evin içərisindəyik. Ona görə də evdəki atmosfer eyni zamanda bizə də təsir etməkdədir. Belə hesab edirəm ki, Azərbaycanı “qapamaqla” biz qlobalaşmanın mənfi təsirlərindən yaxa qurtara bilməyəcəyik. Əksinə, ciddi bir model-proqram çərçivəsində dünyaya açılmaq, qloballaşma prosesinə ağıllı şəkildə qoşulmaq və ondan istifadə etmək lazımdır. Kütləvi informasiya vasitələrinin bu sahədə çox böyük rolu vardır. Biz radio-televiziyalarda, sosial şəbəkələrdə gedən antimilli təzahürlərə qarşı ictimai müqavimət təşkil etməli, bir xalq kimi gücümüzü göstərməliyik. Bu məsələdə heç kəs yaxasını qırağa çəkməməlidir. Dilimizə, mədəniyyətimizə və bütövlükdə milli kimliyimizə (identiklik) qarşı aramsız hücumlar göz qabağındadır. Birincisi, bunu demək, bəyan etmək, mahiyyətini xalqa izah etmək lazımdır. İkincisi, reallıqlar deyilən bir fakt var. Ölkədə dilimizə və mədəniyyətimizə yad gözlə baxan çoxsaylı insanlar var. Etiraf edək ki, bu gün Azərbaycan dilində təhsilin perspektivinə inanmayanlar böyük bir kütləni təşkil edir. Rusdilli təhsilə maraq kütləvi xarakter alıb. Bunun, təbii ki, səbəbləri var. İnsana yaşamaq instinkti xasdır. O, nə yolla olursa-olsun yaşamaq istəyir. Ona xoş həyat ana dilində təmin olunacaqsa, ana dilində oxuyacaq, yox, digər dillərdə olacaqsa, həmin dillərə meyllənəcək. Bu baxımdan, səsimizi qaldırmalı, buna qarşı bir millət olaraq mövqeyimizi ortaya qoymalıyıq. Şəxsi mövqeyimə görə, Azərbaycanda rus dilində dövlət məktəbləri olmamalıdır. Rus dili dövlət məktəbərində xarici dil statusunda tədris edilməlidir. İmperiyanın dili dövlət vəsaiti hesabına öyrədilməməlidir. Lakin ingilis dili ilə bağlı olduğu kimi, rus dilində də xüsusi məktəblərə maneçilik yaradılmamalıdır. Çünki bizə bu dilləri bilən mütəxəssislər də lazımdır.

Sima CƏFƏROVA