- Köşə, Manşet, Xəbərlər

Söz silahdır

Gülnarə RƏFİQ

Güc heç də həmişə birlikdə olmur

Hər birimiz dahiyik. Amma balığı ağaca dırmaşmaq bacarığı ilə qiymətləndirsək o, ömrünü axmaq, sərsəm və bacarıqsız olduğunu düşünərək bitirəcək. Özünüzə depressiya və əzginlik diaqnozu qoymazdan əvvəl ətrafınızdakıların axmaq olmadığından əmin olun.

                                                                                                                     Ziqmund Freyd

Öncəgörməlik eləməyə çalışacam. Siz işin içində itib batırsız, başınızı qaşımağa vaxt yoxdu.  Sanki avtopilot rejimində yaşayırsız. Ətrafda o qədər adam var ki, lap qarışqa kimi. Amma içində bir tənhalıq inildəyir. Bunu dilinə gətirə bilmirsən, çünki naşükürlükdə ittiham ediləcəksən. Şükür deməliyik, əlbəttə, deməməyə nə haqqımız, nə də bəhanəmiz var. Amma dilin “Hər şey yaxşıdı” kimi sadə bir cümləni demək istəmir, ya da bunu deməyi riyakarlıq sayır. Elə anlar gəlir ki, həyatın mənasızlığı barədə fikirləri artıq qılınclamırsan. Onlar yavaş-yavaş varlığına hakim kəsilməyə başlayır. Belə anlarda insan mütləq SÖZ eşitməlidir. SÖZün qüdrətinə söykənməli və ondan da ilhamlanmalıdır. Bu SÖZ kimdən gələcəksə, bu önəmli deyil. Məhəllənizin divanəsindən, ya dövrün dahisindən, fərq etməz. Bu SÖZü indicə baxdığın filmin qəhrəmanı da deyə bilər, oxuduğun kitabın səhifələrindən tapa bilərsən, ya fəzadan bir quş kimi pırıldayıb girib beyninə oturar. Bu SÖZ sənin həyatını tam dəyişə bilər.

Qədim zamanlardan da insanlar sözə böyük dəyər veriblər. Soyuducu, televizor, tozsovuran və blenderin nə olduğunu hələ bilməyən, Kosmosa uçmağı ağlına gətirməyən adamlar sözün əsil dəyərini verə biliblər. Bu günün alimləri milyardlarla pul xərcləyib laboratoriyalarda sözün nəinki insana, bitkiyə, heyvana təsirini ölçməyi öyrəniblər. Amma babalarımız çoxdan bilirdi ki, söznən adam öldürmək də olar, xəstəliyə salmaq da, eləcə də xilas edib şəfa vermək də. Onlar sözdən bir silah kimi çox ehtiyatla davranardı. Müasir insan sözün magiyasına inanmır, təsadüfi sözün və fikrin nəticəsi bir az sonra bilinəcək bomba olduğunu düşünmür. Ona görə də ətrafımız murdarlıqlarla səslənməyindədir. Biz də atışmanın düz mərkəzində, göbəyindəyik.

“Söz ağzımdan sürüşüb çıxdı” demək bəyəm kimsəyə bəraət qazandıra bilər? Heç kimin əlindən bıçaq sürüşüb başqasının qarnına girmir ki? O boyda mürəkkəb bioloji sistem, müdafiəsi, immun sistemi, həzm və təmizləmə mexanizmlərinin toplusu olan, fikrin gücüylə əşyaları tərpədən, Kainatı otaqdan çıxmadan tədqiq edən, günə nədi, saniyəyə bir ixtira verə bilən İNSAN ağzından çıxardığı sözün sahibi deyil? Suya söz deyirsən, dərhal reaksiya verir. Bunu mikroskop altında da görmək olar. Söyürsən eybəcərləşir, tərifləyirsən özünə gəlir, dərhal simmetrik naxışlar quraşdırır. Su söz qanır. Su hətta kağıza yazılıb yapışdırılmış sözü anlayır. Bu sözü səsləndirmək heç lazım deyil. O, oxumaq bilməsə də kağızdakı nifrət, ya da sevgiyə uyğun müvafiq dizayn seçir. Çünki söz hərif yığını deyil, nəhəng enerji düyünüdür. Ona görə də enerjisi zəif olanları söz daha tez yaralayır.

Bir də ki, sözün mütləq ünvanı olur. Söz öz ünvanına mütləq çatır. Hamının mənasız saydığı bir köşənin, dahinin yazdığı romanın, xalq şərqilərinin, dünyasını dəyişmiş adama deyilən sözlər də itib batmır heç vaxt. Fəzada, anlamadığımız ölçülərdə, əlimiz çatmayan dünyaların gərdişində yumaq kimi düyünlənib qalır. Nə vaxt istəsən əlini at götür. Ona görə də çaşqınlıq halında, həyat kompası yerində boşuna fırlananda, ardını yaşamaqçün divardan tuta-tuta qaranlıqda irəliləməli olanda səndən əvvəl deyilmiş, yazılmış, səsləndirilmiş sözlər köməyə gəlir. Bəlkə ona görə kitab oxuyanlar depressiyada çox da ayaq saxlamır.

… Bir saatlıq xoşbəxt olmaq istəyirsizsə yatın. Bir günlük xoşbəxtlik axtarırsızsa balıq tutmağa gedin. Bir illik xoşbəxt olmaq üçün ən azı böyük pulları miras almalısız. Ömürlük xoşbəxt qalmaq fikriniz varsa kiməsə əl tutun (Çin məsəli). Əvəzini gözləməyin. Əksəriyyəti anlamaq üçün deyil, cavab vermək üçün səni dinləyir (Stiven Kovi). İnsanlar başını qatmağı sevən məxluqlardır. Amma “mən kiməm” və “nə etməliyəm” sualına başlarını o qədər qatırlar ki, arzularını həyata keçirməyə macal tapmırlar (Entoni Robins). Dünən – tarixdir, sabah – tapmaca. Bu gün isə əsil hədiyyədir (Bil Kin). Həyat çox sadədir. Biz isə təkid edirik ki, o, çox mürəkkəbdir (Konfutsi). Bizə yaşamaq imkanı verən yeganə yol – artmaq və böyüməkdir. Böyüməyin yolu dəyişməkdir. Dəyişməkçün öyrənmək lazımdı. Öyrənməkçün hamıya açıq olmalısan. Hamıya açıq olmağın yolu özündən keçməkdir (Coybel). Yeni təəssüratlara, yeni təcrübəyə tərəf genişlənmiş ağıl geriyə, əvvəlki sərhədlərinə qayıda bilmir (Uendell Xolms). Zaman nəyisə gözləyənlər üçün çox yavaş, qorxanlar üçün həddən artıq sürətli, əzab çəkənlərçün çox uzun sürür. Yalnız sevənlərçün həyat çox qısa olur (Henri Van Deyk). Kim ki, həyatda əzab çəkməkdən qorxur o, artıq əzab çəkir, çünki qorxur (Mişel de Münten). Uğursuzluq həyatı maraqlı, mənalı və dəyərli edir (Coşua C.Marin). Mən mənası olmayan həyatı yaşamaqdansa mənalı ölümlə həyatımı sona yetirərdim (Korason Akino). Tanıdığımız gözəl insanların əksəriyyəti uğursuzluq yaşayıb, əzab və depressiyadan keçib, mübariz, öz yolunu itirib sonra tapmış adamlardır. Onlar bunu gizlətmir və hamıya danışırlar. Bu adamlar dəyərlidir, duyğusaldır və həyatı anlayırlar. Çünki həyat onları yumşaqlıq, qayğıkeşlik və şəfqət kimi qiymətli dəyərlərlə mükafatlandırır. Ona görə də insanlar doğulanda deyil, yaşayanda gözəl olur (Elizabet Kübler-Ross). Ətrafımızdakı dünyanı biz yaratdıq. Onu dəyişmək mümkün deyil. Lazımdırsa düşüncələrinizi dəyişməkdən başlayın (Albert Enşteyn). Dünyada gedən dəyişiklikləri görmək istəyənlər özünü dəyişməli olacaq (Qandi).

Sözün bir xasiyyəti də var, o, eşidiləndən bir qədər sonra şüura yazılır və onun məhsuluna çevrilir. Az sonra ağıllı kəlamları özününkü kimi ətrafına səpələyir…