- Köşə

Şuşanın taleyində üç 8

 Pifaqor dünyanın ədədlər üzərində qurulduğunu deyir. Ədədlər rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi deyil,  onların başqa bir qüvvəsi də vardır.  Ədədlərin öz dili var və biz dili olan rəqəmlərin 8-cisindən danışacağıq.

Karnelius Aqrippanın “Okkult fəlsəfəsi”nə görə, 8 maddi uğur rəmzidir. İki kvadratla ifadə olunduğu üçün kamil inam rəmzi sayılır. İki yerə bölünəndə bərabər hissələrə ayrılır (4-4). Yenə bölsən, bölünəndə bərabər hissələrə ayrılır (2-2-2-2 ), bu isə dördqat tarazlıq deməkdir.

8 rəqəmi kamillik simvoludur və ona “Rəbbin hədiyyəsi” də deyirlər. Onun dünyanın üfüqi simvolunu təmsil etməsinə inanırlar. Çünki üfüqi olaraq yerləşdikdə, sonsuzluq simvoluna çevrilir.

Bəzi xristian təlimlərində isə 8 yenidən doğuşun və ölümün prototipi, dünyanın başlanğıcı və sonudur…

Qədim Babildə 8 rəqəmi Günəşin təcəssümüdür. Yəni Günəşin 8 şüası dünyanın 8 guşəsinə işıq və istilik yayır.

Milli məfkurəmizdə də 8 böyük dəyər daşıyır. Bayrağımızdakı və gerbimizdəki ulduz səkkizguşəlidir.

8 həm də Azərbaycan xalqının qalibiyyət, zəfər rəmzidir.

8-in Şuşanın taleyində xüsusi yeri var: Şuşanın 8-lə başlayan (8 may 1992) işğalı onu 8-lə də Qalibiyyətə, Zəfərə qovuşdurdu (8 noyabr 2020).

Şuşanın  taleyində işğal və qələbənin tarixlərindən başqa, bir də 8 avqust 1930-cu il tarixi var: Şuşa rayonunun yaradıldığı tarix.

Bu tarixlə Şuşanın ictimai həyatına çoxsaylı yeniliklər gəldi: Şuşada ilk Musiqi texnikumu, “Oxu tar”, “Tər çiçəklər”, “Muğam” ansamblları, Gövhərağa məscidində Şuşa Tarix Muzeyi, “Gəncə qapısı”nın mühafizə zonasında respublikamızda birinci “Açıq muzey”, Dərman bitkiləri muzeyi, Şuşa  şəhər Rəsm  Qalereyası, Xurşudbanu Natavanın evində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşudbanu Natavan adına Qarabağ filialı, Mehmandarovların malikanəsində Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı yaradıldı. Müxtəlif adlarla nəşr olunan yerli mətbu orqana “Şuşa” adı verildi, Dövlət Kolxoz və Sovxoz Teatrı, həmin teatrın əsasında Şuşa Dövlət Musiqili Dram Teatrı, Üzeyir Hacıbəylinin və Bülbülün ev muzeyləri, Ümummilli lider Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin muzey məqbərəsi, Xurşidbanu Natəvanın büstü və Poeziya Evi açıldı. Molla Pənah Vaqifin büstü qoyuldu, Şuşa şəhəri Tarixi Memarlıq Qoruğu elan olundu, “Vaqif poeziya günləri”, Cıdır düzündə “Xarı bülbül” Ümumittifaq Muğam festivalı keçirildi, teleötürücü stansiya fəaliyyətə başladı, Bülbülcan adına uşaq musiqi məktəbi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Şuşa filialı, şair, ədəbiyyatşünas, musiqişünas Mir Möhsün Nəvvabın ev muzeyi, Respublika Bəstəkarlar İttifaqının Şuşa filialı fəaliyyətə başladı və sadalaya bilmədiyimiz daha bir çox hadisələr tarixə həkk olundu…

Və həm də mənfur erməni vandallarının çoxsaylı gizli-aşkar təxribatları ilə ötüb keçmişdi bu tarixdən başlanan və digər 8-ə gedən yol. Nəhayət, nəinki Şuşanın, həm də Azərbaycanın  şərəfli tarixinə ləkə olan 8 may 1992-ci il….

Bu 8-lə Şuşanın taleyində baş verənlər ağrılı-acılı 28 il uzaq saldı Şuşadan bizləri. Nələr baş verdi?..

Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhəri işğal olundu, nəticədə 23 ümumtəhsil məktəbi, 6 məktəbəqədər uşaq müəssisəsi, 7 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, peşə-ixtisas məktəbi, Mədəni-maarif, Kənd təsərrüfatı, Musiqi, Tibb texnikumları, həmçinin  ADPU-nun filialı yerlə-yeksan edildi.

8 mədəniyyət evi, 22 klub, 2 kinoteatr, 8 muzey, 31 kitabxana, turizm bazaları, Şərq musiqi alətləri fabriki də erməni vandalizminə məruz qalaraq dağıdıldı. Şəhərin tarixi muzeyinin 5000- dək, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək, Üzeyir Hacıbəylinin ev muzeyinin 300-dək, Bülbübün ev muzeyinin 400-dək, Mir Möhsün Nəvvabın xatirə muzeyinin 100-dək əşyası qarət olundu.

Bu işğal nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirildi, 165 nəfər yaralandı, onlardan 150 nəfəri əlil oldu, 25 minə yaxın əhali isə doğma yuvasından qaçqın düşdü. Şuşanın işğalına qədər onun müdafiə olunmasında canından keçən çoxsaylı igidlərin sırasında şuşalı Milli qəhrəmanlar da var:  Hüseynov Sadıq Dayandur oğlu, Qənbərov Ramiz Bulud oğlu, Məmmədov Nizami Murad oğlu, Teymurov Rizvan Rəhman oğlu.

Bu işğalın ən dəhşətli məqamlarından biri də vandal ermənilərin Xan qızı Natəvanın, Üzeyir bəyin, Bülbülün heykəllərini güllələməsi və güllələnmiş heykəlləri Ermənistana aparması idi.

…. Və nəhayət, Şuşanın taleyində ən uğurlu, şərəfli daha bir 8… 8 noyabr 2020 – ci il.

Bu tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşa şəhərini Ermənistan Silahlı Qüvvələrindən azad etdi: Bu, Azərbaycan xalqının şərəfinin, ləyaqətinin qürur və mübarizlik tarixidir. Bu tarixlə Şuşanın taleyində yeni dönüş başladı…

8 noyabrda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşa şəhərinin işğaldan  azad olunması münasibətilə xalqa müraciət ünvanladı.

Prezident Füzuli-Şuşa yolunun, burada tikiləcək yeni məscidin, 1 saylı ümumtəhsil məktəbinin, Şuşa Radio-Televiziya Yayım Stansiyasının, Daşaltı məscidinin,   eləcə də çoxsaylı tikililərin  təməlini qoydu və Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Dahi şəxsiyyətlərin – Xan qızı Natəvanın, Üzeyir bəyin, Bülbülün mənfur ermənilər tərəfindən 1992-ci ildə güllələnmiş büstləri yenidən doğma Şuşaya qaytarıldı, “Xan qızı” bulağı bərpa edildi.  “Xarıbülbül” musiqi festivalı,  “Vaqif Poeziya Günləri” keçirildi, 15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə prezidentləri arasında təkbətək görüşdən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı, Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirildi və s.

Hələ neçə-neçə uğurlu layihələr gerçəkləşdiriləcək doğma Şuşada.

12 may 2021-ci ildə  Şuşada inşa ediləcək yeni məscidin təməlini qoyarkən Prezident İlham Əliyev demişdi: “Təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirsin”, yəni kamil inam rəmzini, Şuşanın uğurlu gələcəyinə əminliyin rəmzini…

Şəhla Tahirqızı, Filologiya üzrə fəlsəfə doktoru,dosent
AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru