- Köşə, Manşet

Vasif SADIQLI. Belə məsuliyyətsilik Milli Məclisə yaraşır?

Bu gün “report.az”da “Azərbaycanla Gürcüstan arasında sərhəd-buraxılış məntəqələri müəyyənləşib” adlı yazı gedib. Sonra baxdım ki, digər saytlarda da var. Yəqin ki, Milli Məclisin informasiyasıdır.

Məlum olur ki, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və qəbul olunub.

Sənəddə iki ölkə arasında buraxılış məntəqələri sadalanır, daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün “Qırmızı körpü” (Azərbaycan) – “Krasniy Most” (Gürcüstan), daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün “Sadaxlı” (Azərbaycan) – “Vaxtangisi” (Gürcüstan) məntəqələrinin adı çəkilir.

Hər iki halda yaşayış məntəqələrinin adı səhv verilib. Belə ki, Azərbaycanda “Qırmızı körpü” adlı gömrük postu yoxdur. Əslində, əvvəllər olub. 1993-cü ildə II Şıxlı kəndinin ziyalıları “Qırmızı körpü” gömrük məntəqəsinin adının dəyişdirilməsinə kömək etməyi xahiş etdilər. Bizim müraciətimiz əsasında Gömrük Komitəsinin sədrinin əmri ilə gömrük məntəqəsinin adı dəyişdirildi. O vaxtdan  həmin məntəqə “Sınıq körpü” adlanır. Elə indi də Gömrük Komitəsinin saytında “Sınıq Körpü” yazılır.  “Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək» layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib”. (https://customs.gov.az/az/xeberler/1897_/ )

Bundan başqa, qarşı tərəfdə – Gürcüstanda olan gömrük məntəqəsi “Krasniy Most” adlana bilməz.  Gürcülər ona  წითელი ხიდი (Tsiteli xidi) deyir və gürcülərin ölkə ərazisində öz gömrük məntəqəsinə rusca ad qoymaları mümkün deyil.
Guya Azərbaycan tərəfdə “Sadaxlı” gömrük məntəqəsinin olması fikri də gülüncdür. Söhbət Ağstafa rayonunun Sadıqlı kəndi ərazisindəki gömrük məntəqəsindən gedir. Bu kəndin adı sənədlərdə elə “Sadıqlı” kimi verilir. Mən o kənddə böyümüşəm. O kəndin adı bizim soyaddan götürülüb.  “Sadaxlı” isə Gürcüstanda Ermənistanla sərhəddə yerləşən kəndin adıdır, o kəndin adının “sadax” (ox qabı) sözündən götürüldüyü deyilir. “Sadaxlı kəndi Sarvan şəhərindən 35 km, paytaxt Tiflisdən isə 65 km cənubda, dəniz səviyyəsindən təqribən 450 metr yüksəklikdə, Tona çayının sol sahilində yerləşir. Həmin ərazidə bu çay həm də Ermənistanla Gürcüstanın sərhəd xəttinin bir hissəsini təşkil edir” (Vikipediya).

Belə məsuliyyətsizliklə hazırlanmış sənədin Milli Məclisdə qəbul edilməsi təəssüf doğurur…

Xeyirli çərşənbə axşamları