Dəfələrlə xatırladılıb ki, mənşəyindən asılı olmayaraq, əsrlərlə dilimizdə işlənmiş və oturuşmuş sözləri tərpətmək olmaz. Amma kimə deyirsən? Belə sözlərdən bir cütü də “kainat/aləm”dır və indi “əvrən” sözünü ona “günü” gətirirlər. Arqumentləri isə budur: Bu söz “Kitabi-Dədə Qorqud”da işlənib. Bəli, bu sözə dastanda 7 dəfə (bir yerdə şəxs adı kimi) rast gəlinir, amma bunların heç birində əvrən aləm, kainat mənasında işlənməyib. Aşağıda mərhum Samət Əlizadənin “Kitabi-Dədə Qorqud”undan seçdiyimiz nümunələrə özünüz baxın (əsil mətni adi şriftlə, sadələşdirilmiş mətni isə kursivlə veririk).
1.Ərənlər əvrəni Qaracuq çoban sapanının ayasına daş qodı, atdı.
(İgidlər igidi Qaraca çoban sapandının ağzına daş qoydu, atdı)
2. Qara Dərə ağzında Qadir verən, qara buğa dərisindən beşiginin yapuğı olan, acığı tutanda qara daşı kül eyləyən, bığın ənsəsində yedi yerdə dügən, ərənlər əvrəni Qazan bəgin qardaşı Qaragünə çapar yetdi “Çal qılıcın, qardaş Qazan, yetdim!” – dedi.
(Qaradərə ağzında qara buğa dərisindən beşiyinin yerliyi olan, acığı tutanda qara daşı kül eyləyən, bığını boynu dalında yeddi dəfə düyünləyən, igidlər igidi, Qazan bəyin qardaşı Qaragünə çaparaq yetişdi: “Çal qılıncın, qardaşım Qazan, yetdim!” – dedi)
3. Adəmilər əvrəni Dəli Domrul əlin əlinə çaldı, qas-qas güldi.
(İgid Dəli Domrul əlini əlinə çaldı, qah-qah güldü)
4. Adəmilər əvrəni yoldaşına qıyamadı.
(İgid Domrul ömür yoldaşına qıya bilmədi)
5. Böylə digəc ərənlər əvrəni Qanturalı yerindən durdı.
(Atası belə deyəndə igidlər igidi Qanturalı durdu)
6. Əjdəhalar ağzından adam alan Dəlü Əvrən bilə varsun!
(Əjdahalar ağzından adam alan Dəli Vuran birlikdə getsin!)
7. Qara əvrən qopdı Dəpəgöz,
Ərş yüzində çevirdim, alımadım, Basat!
(Böyük nəhəng oldu Təpəgöz,
Göydə çevirdim, yıxa bilmədim, Basat!)
Əlavə edək ki, Həmid Araslının tərtib etdiyi (1977) kitabda da əvrən sözü aləm, kainat kimi izah edilməyib, kitabın sonundakı lüğətdə bu sözün iki mənası verilib: 1. qəhrəman, 2 əjdaha.
Ə. M. Dəmirçizadə də “”Kitabi-Dədə Qorqud” dastanlarinin dili” adlı kitabında əvrən sözünü qəhrəman, ərənlər başçısı kimi izah edib.
Bundan başqa, dastanı rus dilinə tərcümə edən V.Bartold bu sözü eyni cür izah edir: величайший из мужей; герой из героев; муж мужей.
Göründüyü kimi “Kitab”da xanlar xanı (“Xanlar xanı xan Bayındır yildə bir kərrə toy edib, Oğuz bəglərin qonaqlardı”), bəylər bəyi (“Məgər xanım, Tırabuzan təküri bəglər bəgi olan xan Qazana bir şahin göndərmişdi”) kimi ərənlər əvrəni titulu da var və yuxarıdakı izahlar da doğrudur.
Bəs bu sui-istifadəyə səbəb nədir?
Çox təəssüf ki, mərhum Samət Əlizadənin “Kitabi-Dədə Qorqud”unun sonundakı lüğətdə əvrən sözünün qarşısına aləm yazılıb və bu da kimlərəsə bundan sui-istifadə üçün fürsət verib…
P.S. Dastanda aləm mənasında elə aləm sözü də işlənib.
“Qamusına bənzəmədi cümlə aləmləri yaradan Allah-Tanrı görkli”;
“Dünya-aləm kafırin başına qaranqu oldı”;
“Aləmləri yoqdan var edən Allahıma sığındım”,









