- Dil

Zümrüd Dadaşzadə: Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın ifadə alətidir

Azərbaycan dilinin saflığı ilə bağlı ölkə başçısının AMEA-da səsləndirdiyi fikirlər cəmiyyətdə böyük əks-səda doğurdu və müxtəlif sahələrdə geniş müzakirələrə yol açdı. Bu çağırış, əslində, sadəcə dilçilik məsələsi deyil, milli kimliyin qorunmasına yönəlmiş mühüm bir çağırış idi. Çünki ana dili bir millətin yaddaşı, ruhu və varlığının özüdür. Düz deyiblər ki, dilini itirən, kimliyini itirər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə bildirib.

Onun sözlərinə görə, dilə görə məsuliyyət daşıyanların sırası yalnız dilçilərlə məhdudlaşmamalıdır: “Bu məsuliyyət alimlərin, yazıçıların, jurnalistlərin, sənət adamlarının, o cümlədən sənətşünasların və musiqişünasların üzərinə düşür. Zənnimcə, musiqişünaslıq təkcə elm deyil – bu, həm araşdırıcılıqdır, həm jurnalistikadır, həm də bədii söz sənətidir. Musiqini sözlə ifadə etmək, onu “danışdırmaq” o qədər də asan deyil. Burada geniş dünyagörüşü, analitik təfəkkür və ən əsası, düzgün, obrazlı və dəqiq söz seçimi tələb olunur. Söz nə qədər sərrast, təsirli, nitq nə qədər məntiqli olarsa, musiqinin mahiyyətini bir o qədər dolğun çatdırar”.

Professor bildirib ki, yazı üzərində işləyərkən dilə qarşı xüsusilə həssas yanaşır: “Özüm yazıya çox ciddi yanaşıram. Mətni ərsəyə gətirərkən Azərbaycan dilinin izahlı lüğətindən tutmuş ərəb-fars mənşəli sözlər lüğətinə qədər müxtəlif mənbələrə müraciət edir, faktları dönə-dönə yoxlayıram. Demək olar ki, hər cümləni təkrar-təkrar cilalayıram. Bəzən özümü “söz ovuna çıxan” kimi hiss edirəm — ən uyğun ifadəni tapmaq üçün uzun axtarışlar aparmalı oluram”.

Zümrüd Dadaşzadə qeyd edib ki, Azərbaycan musiqişünaslığının ən ciddi problemlərindən biri terminologiya ilə bağlıdır: “Sirr deyil ki, musiqi terminlərinin böyük hissəsi rus dili vasitəsilə musiqişünaslığımıza gəlib və keçmiş xarici sözlərdən ibarətdir. Çox vaxt həmin terminlərin Azərbaycan dilində qarşılığı olduğu halda, onlardan istifadə olunmur”.

O bildirib ki, vaxtilə Əfrasiyab Bədəlbəyli tərəfindən tərtib olunan “İzahlı monoqrafik musiqi lüğəti” bu sahədə mühüm mənbədir və Azərbaycan musiqişünaslığında terminoloji məsələlərin həllində çox mühüm mənbə kimi çıxış edir. Onun fikrincə, bu lüğət və son illərdə nəşr olunan ən sanballı musiqişünaslıq tədqiqatları bu istiqamətdə sistemli və səmərəli iş aparmaq üçün möhkəm baza rolunu oynaya bilər. Zümrüd Dadaşzadə hesab edir ki, ekspertlərdən ibarət xüsusi komissiya yaradılmalı, nəticə etibarilə hər kəsin istinad edə biləcəyi müasir, geniş terminologiya lüğəti hazırlanmalıdır.

Onun fikrincə, dilin qorunması musiqi təhsili sistemində də xüsusi diqqət tələb edir: “Musiqi tarixi və nəzəriyyəsi üzrə dərsliklərin böyük hissəsi rus dilindədir və bir çoxu Azərbaycan dilinə tərcümə olunmayıb. Düşünürəm ki, ingilisdilli mənbələr də cəlb olunmaqla yeni dərsliklərin hazırlanması zəruridir”.

Professor bildirib ki, Bakı Musiqi Akademiyasında “Musiqi tənqidi”, “Musiqinin tədqiqat metodologiyası”, “Akademik yazı və etika” fənlərini tədris edərkən gənclərə elmi və publisistik mətn yazmaq bacarıqları aşılamağa çalışır: “Təəssüf ki, tələbələrin əksəriyyəti Azərbaycan dilinin orfoqrafiyasını və qrammatik qaydalarını yetərincə bilmir. Bu yaxınlarda tələbələr arasında kiçik dil testi keçirdim və səmimi desəm, həm təəccübləndim, həm də bir qədər sarsıldım: bəzi tələbələr mətnlərdəki xətaların əksəriyyətini üzə çıxarmaqda çətinlik çəkdilər. Bu fakt göstərir ki, həmin gənclər orta məktəb mərhələsində dili kifayət qədər dərindən mənimsəməyiblər. Bu isə çox acınacaqlı mənzərədir”.

Zümrüd Dadaşzadənin fikrincə, vəziyyətin yaxşılaşdırılması üçün qəbul mərhələsində də dilə xüsusi önəm verilməlidir: “Düşünürəm ki, abituriyentlər – xüsusən də musiqişünaslıq ixtisası üzrə təhsil almaq istəyənlər – qəbul imtahanlarında imla, ifadə, inşa yazmaq kimi sınaqlardan keçsələr, çox faydalı olardı. Bu cür sınaqlar gəncləri dilə daha həssas yanaşmağa, peşəkar yazı vərdişlərini inkişaf etdirmək istiqamətində daha ciddi çalışmağa sövq edərdi”.

Professor qeyd edib ki, musiqini sözlə “danışdırmaq” üçün dilin təmizliyi, saflığı mütləq qorunmalıdır: “Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın daşıyıcısı və araşdırıcılıq işinin əsas ifadə alətidir. Musiqişünas üçün dilin saflığı həm musiqinin düzgün qavranmasına, həm də onun mahiyyətinin oxucuya, dinləyiciyə dolğun və aydın şəkildə çatdırılmasına bilavasitə təsir göstərir”.