- Mədəniyyət

Misirin tanınmış alimi sosial şəbəkədəki kanalında Azərbaycan haqqında video yayımlayıb

Misirin tanınmış alimi, professor Xalid Əzab “Mədəniyyətlər və kitablar” adlı şəxsi yutub kanalında və feysbuk sosial şəbəkəsindəki hesabında Azərbaycan tarixi haqqında video yayımlayıb.

AZƏRTAC xəbər verir ki, professor Əzab Misir ictimaiyyətinə və ərəbdilli izləyicilərə Azərbaycanın coğrafi mövqeyi, tarixi və mədəniyyəti haqqında müfəssəl məlumat verir. O, eyni zamanda, ölkəmizin zəngin mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin İslam irsinin mühüm hissəsi olduğunu vurğulayır.

Misirli professor qeyd edir ki, qədim Atropaten və Albaniya dövlətlərinin varisi olan Azərbaycanda, həm də Səfəvilər kimi möhtəşəm bir dövlət qurulub. O, Qacarlar və Əfşarlar sülalələrinin tarixindən də bəhs edib. X.Əzab diqqətə çatdırıb ki, XIX əsrdə Rusiya imperiyasının tərkibinə daxil edilən Azərbaycanda 1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyət qurulub. Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən azərbaycanlılar dahi siyasətçi Heydər Əliyevin müdrik siyasəti nəticəsində regionun ən güclü dövlətinə çevrilib.

Videomaterialda Azərbaycan Xalça Muzeyi, Bakının qədim abidələri haqqında da məlumat verilib.