Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz sosial media hesabında dahi şair Nizami Gəncəvinin ermənilər tərəfindən dağıdılmış büstü barədə paylaşım edib.
“Report”un məlumatına görə, məşhur fotoqraf öz paylaşımında tarixi faktlara istinad edərək, XVII əsrdə yaşamış fransız şərqşünas Barthélemy d’Herbelot de Molainville tərəfindən Nizami Gəncəvinin fəlsəfi düşüncəsi barədə yazılmış fikirləri xatırladıb.
Reza Deqati dünya şöhrətli şairin anadan olmasının 880 illik yubileyinin bu il Azərbaycanda ölkə miqyasında qeyd olunduğunu da nəzərə çatdırıb.
Qeyd edək ki, R.Deqati beynəlxalq sərgilərdə mütəmadi olaraq Azərbaycan həqiqətlərini çəkdiyi şəkillər vasitəsilə dünya ictimaiyyətinə çatdırır. Sözügedən şəkillər onun ADA Universiteti ilə birgə həyata keçirdiyi “Soul of Karabakh” (“Qarabağın ruhu”) layihəsi çərçivəsində hazırlanan veb-saytda və broşürlərdə əksini tapacaq.
Reza Deqatinin paylaşdığı şəkil və video ilə burada tanış olmaq mümkündür: