- Köşə, Manşet

Könül BÜNYADZADƏ. Zəfər kapriççiosu

İkinci Qarabağ müharibəsi böyük bir qələbə ilə bitdi. Bununla yalnız 44 günlük savaş yekunlaşmadı, həm də 30 illik dərdə məlhəm oldu, yurd həsrəti ilə bu dünyadan köçən neçə nakam ruh rahatlıq tapdı, ən vacibi isə millətin neçə əsrlik cəsarət tarixi, mərd kimliyi bir daha təsdiq olundu, Vətən oğulları atalarından miras, əmanət qalan torpağına, mədəniyyətinə sahib durduğunu qanı və canı ilə göstərdi. Azərbaycanın qara günlərinin başlanmasından tam bir qərinə keçir və nə xoş bu xalqın halına ki, bu tarixi sikli həmin qaranı kimlik səhifəsindən, mənəvi dünyasından silməklə tamamlaya bildi.

Bu möhtəşəm zəfərin dəyərli qaşı, möhürü Şuşa oldu. Qəribədir, Azərbaycanın 20% torpağı işğal olunmuşdu, hər qarışı əziz idi, ancaq məhz Şuşa sehrli açar olub Qarabağ adlı paslı qıfılı açdı. Sanki Azərbaycan 30 il idi dərin komaya düşmüşdü və hamı həsrətlə onun ürərinin – Şuşanın təkrar döyünəcəyi günü gözləyirdi. Hər kəs içində “birdən o ürək tamam susar” qorxusunu, təşvişini yaşayırdı. Neçə igid oğul “donor” olub öz canını ona qurban verdi, çünki bilirdi ki, yalnız bu ürək vursa, Azərbaycan həyata qayıdacaq, millət ağır yataqdan ayağa qalxacaq. Şuşada keçirilən “Xarıbülbül” festivalı şəfa tapmış millətin, xüsusilə bu torpaq, bu qələbə naminə həmişəlik susmuş igidlərin ruhunun təntənəsinin səsi idi. Xarıbülbül nələr demədi… Duyduqlarımın hamısı cəmlənib könlümdə bir “kapriççio” kimi səsləndi – dağlarda azad külək kimi dolaşan, bütün Azərbaycanın mənzərəsini, pıçıltısını, harayını özündə əks elətdirən möhtəşəm bir əsər. Deyim, siz də duyun, könlünüzdə həzin-həzin o musiqi səslənsin.

Başlanğıcda “Bayatı Şiraz” bütün dağlara, dərələrə səs salır ki, “könlümün məhbubu Vətənim” bilsin ki, buralarda yad nəfəs yoxdur artıq. İnanıram ki, hətta hansı isə küncdə-bucaqda qalan düşmən belə bu nəfəsi duyanda öz mənfur xislətindən xəcalət çəkdi, cənnət bağına geri qayıdan bülbülün xardan bir qorxusu olmadığını hiss elədi və öz çürük mənəviyyatının yükü altında kiçildikcə kiçildi.

Azərbaycan Anadır, qoynunda neçə millət rahatlıq tapıb, öz kimliyini qoruyub saxlaya bilir. Festivalın zirvəsinə yol “Uzundərə”dən keçdi və həmin xalqlar dağların o gülüstan dərəsindən bir-bir sıralanıb Cıdır düzünə qalxdılar, öz səslərini “nəğmələr gülüstanı, sevgi dastanı olan, cənnətim, zinətim Qarabağın” harmoniyasına qatdılar. Yalnız zirvədə duranda görmək, duymaq mümkündür ki, “gözəl Şuşa bir tamaşa, yay günləri sərindir. Cıdır düzü, mavi gündüzü tarixidir keçmişlərin”. Bir vaxtlar Qaçaq Nəbi onu davadan qurtardığına görə “qızıldan, gümüşdən nalladığı, məxmər çullu Boz At”ının belində Qarabağ davasını qurtaran igidlərin dəmir atlarına, bayrakdar şahinlərinə heyran-heyran baxdıqca anlayırdı ki, millətin Liderinin dəmir yumruğu onun Aynalısından daha sərrast nişan alıb düşməni param-parça edib. Yoxsa “Vaqifin şux gözəli bu çəmənlərdə gəzə bilməzdi, qəzəli burdan ruhlanan Natəvanın” bulağından təkrar su çağlamazdı. Beləcə, hər millət gəlib “yenə söhbət açdı ilk baharından, nəğmə ilə bir də keçdi öz diyarından”.

Mən əminəm ki, bu 30 ildə hər dəfə düşmənə Koroğlunun “Uvertüra”sını dinləmək nəsib olanda o, için-için əmin olurdu ki, bu torpaqlarda müvəqqətidir. Ona görə tikib qurmurdu, heç cür kök sala bilmirdi. Çünki “Uvertüra”nın hər notunda “müzəffər bayraqlı” millətin qüdrəti hiss olunur. Düşmən hirsini, hikkəsini bacardığı qədər dağıtmaqla, məhv etməklə çıxırdı. Amma indi… “qaş qaralıb, meşəni yavaş-yavaş kölgə tutduqca, gözü yolda, könlü səsdə olan” ruhlar nəhayət sakitləşir, “aydın göylər, uca dağlar, göy meşələr, lal sular…” arzuları aşıb-daşan doğmasını gözləyir, işğal illərində “hər gecəsi kədər, qüssə fəlakət olan” Qarabağ dağlarının, sıldırım qayalarının azad olmuş ruhu qartal olub səmada süzürdü. Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və daha neçə dahimizin qəlbindən axıb gələn musiqi bu xalqın “hüsnünün gözəl ayətlərini” bəyan edirdi ki, “bütün aləm şəninə şayan” olsun. “Şiş ucları buludlarla döyüşən, dağlarında buzları, göy otlardan ipək paltar geyinən ölkəmin” 30 il dərddən parça-parça olmuş ürəyi indi “gah o dağdan, gah bu dağdan pərvazlanır”.

Belə məqamda “çəməninə qonan şehdən, dağlarında əsən mehdən” doymaq mümkün olmadığına görə, yalnız təbiətlə, tarixlə bütövləşib, Qarabağlaşmaqla, Azərbaycanlaşmaqla öz böyük sevgini ifadə edə bilərsən. “Ömrümün mənası, qardaşlıq dünyası, Anamın anası olan Azərbaycan!”ı tanımaq, sevmək yalnız Ona layiq övlad olmaqla mümkündür.

Zəfər kapriççiosu ən səlis notlarla, ən incə səslərlə, ən zil zəngulələrlə Azərbaycanın sülh, xoşgörü ölkəsi olduğunu dünyaya çatdırır. Deyir ki, bu Zəfər yeni bir tarixi mərhələnin başlanğıcıdır. Liderinin bir çağırışı ilə bütöv olmağı, eyni hədəfə vurmağı bacardığına özü də təəccüb etdi və artıq özünə inanan bu millət dünyaya alnı açıq, mərd-mərdanə baxa biləcək. Əsrlərdir dünyaya mədəniyətin ən yüksəyini, elmin ən dərinini, müdrikliyin ən ucasını tanıdan bu millət bu gün də öz kökü üzərində qollu-dudaqlı bir çinar kimi dim-dik durur, var. Şah İsmayıl Xətaini, Qızıl Arslanı yetirən bu xalq Xətib Təbrizini, Şihabəddin Sührəvərdini də bəxş edib dünyaya. Nizami Gəncəvi nə gözəl təsvir edir cənnət Vətənini:

Dərbənd dənizinin bir sahmanında

Bir gözəl ölкə var dağlar yanında.

Min bir diк qalası göy dağlardadır,

Кim bilir xəznəsi nə miqdardadır?!

Fil dişini, aslan çəngini onlar

Gücə qalsa birdən dartıb qoparar.

Bir hücum çəкsələr alışar aləm,

Məğribdən Məşriqə qarışar aləm.

Bəli, bu xalqın iki silahı var: qılınc və qələm. İkisi də itidi, kəsərlidi. Bu xalqın yaşam şüarını Dədə Qorqud qopuzunda boy boylayıb belə bəyan edib: “Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən – qorumağa dəyməz”. Qarabağ Zəfəri bu ənənəni qırılmağa qoymadı: qələmə də sahib çıxan tapıldı, qılınca da. Həm qəhrəman sərkərdələrin, həm dahi sənətkarların ruhları zamanın, məkanın hüdudlarını aşıb bu dağlarda təkrar görüşdülər. Millət yeni bir gələcək üçün təkrar səfərbər olundu.

Bəli, bu kapriççio Zəfər qazanmış bir xalqın təntənəsinin ifadəsidir, deməli, onun hər səsindən gələcəkdə hələ neçə qəhrəmanlıq eposu yazılacaq.