Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsinə başlayır.
Mədəniyyət Nazirliyinin Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriya Azərbaycanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması məqsədini qarşıya qoyur.
Qeyd edək ki, laboratoriya Mədəniyyət Nazirliyinin strateji hədəflərə istiqamətlənmiş silsilə layihələrinin davamıdır.
“YARAT” Müasir İncəsənət Məkanında təşkil ediləcək laboratoriyada teatr təhsili sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan QİTİS-in prodüserlik sahəsi üzrə zəngin təcrübəyə malik pedaqoqları Elena Simurzina, Aleksandra Knyazeva, Elşən Məmmədov müasir teatr menecmenti və prodüserlik fəaliyyəti ilə bağlı bilik və bacarıqlarını bölüşəcəklər. Menecment və prodüserlik sahəsinə maraq göstərən gənclərə laboratoriyada pulsuz iştirak etmək imkanı yaradılır.
Qeyd edək ki, təlimlərə qoşulmaq istəyənlərin çoxluğunu nəzərə alaraq, müraciət müddəti 15 oktyabr tarixinədək uzadılıb, tədbir 24-31 oktyabr tarixlərinə keçirilib.
Tədbirdə iştirak etmək istəyənlər qeyd olunan tarixədək (15 oktyabr) müraciət formasını dolduraraq, k.jafarova@mct.gov.az elektron poçt ünvanına göndərə bilər. (azertag)