Daşkənddə “İpək Yolu dürdanəsi” beynəlxalq kinofestivalı çərçivəsində Azərbaycan milli mətbəxinin təqdimatı olub.
Təqdimat mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyinin, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri və əməkdaşları, Azərbaycan və Özbəkistan milli mətbəxinin tanınmış mütəxəssisləri, Özbəkistanın Aşpazlar Assosiasiyasının rəhbərləri, jurnalistlər və blogerlər iştirak ediblər.
Tədbirdə milli mətbəx sahəsində ekspert, “www.diyar.az” layihəsinin rəhbəri Nigar Əmirbəyova dolmanın müxtəlif növləri – yarpaq dolması, pomidor, bibər, badımcan, kələm dolmalarının hazırlanma prosesi ilə bağlı ustad dərsləri keçirib və bu təamların təqdimatı baş tutub.
Bununla bərabər özbək milli plovunun hazırlanması üzrə ustad dərsləri də təqdim olunub.
Azərbaycan və özbək yeməklərinin oxşar və fərqli xüsusiyyətlərinə dair çıxışlar dinlənilib.
Mədəniyyət Mərkəzinin hazırladığı mədəni proqramın təqdim edildiyi tədbirdə Özbəkistanın “Özbəyim yoşları” musiqi qrupu, azərbaycanlı saz ustası İlham Abdullayev və ölkəmizi “Eurovision 2017” musiqi yarışmasında təmsil etmiş Diana Hacıyevanın ifaları dinlənilib.
Qeyd edək ki, Nigar Əmirbəyova Azərbaycanda milli mətbəximizin bütün palitrasını nümayiş etdirən www.diyar.az internet resursu layihəsinin müəllifidir. Həm yerli, həm də xarici auditoriya üçün hazırlanan bu rəqəmsal məhsul milli təamlarımızın reseptləri, o cümlədən unudulan yeməklər haqqında məlumat verir. O, Azərbaycan ACSA Kulinariya Mütəxəssisləri Assosiasiyasının üzvü, həmçinin Aşpazlar Kuboku və ACSA kulinariya sənəti sahəsində sertifikatların sahibidir. N.Əmirbəyova Türkiyədə, ərəb ölkələrində, Avropada, Latın Amerikası ölkələrində Azərbaycan milli mətbəxinə dair təqdimatlar keçirib.
İştirakçılar Nigar Əmirbəyovanın təqdimatını yüksək qiymətləndirib, tədbirin Azərbaycan mətbəx mədəniyyətinin tanıdılması istiqamətində mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistan Aşpazlar Assosiasiyasının rəhbəri Akbar Umarov ustad dərslərini yüksək qiymətləndirib, Azərbaycan milli mətbəxinin zəngin ənənələrə malik olduğunu vurğulayıblar. A.Umarov Nigar Əmirbəyovaya Özbəkistan milli mətbəxinə dair nadir nəşr bağışlayıb. (azertag)