Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. Onun əsərləri bu gün də böyük maraqla oxunur.
Bu gün Süleyman Sani Axundovun anadan olmasından 146 il ötür.
Azərbaycan dramaturqu, nasir, maarif xadimi S.S.Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olub. Uşaq yaşlarından atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb.1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbində müəllim işləyib. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. 1922-ci ildə Azərbaycan “Ədib və Şairlər” İttifaqının ilk sədri seçilmiş ədib ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə “Əmək qəhrəmanı” adına layiq görülüb. 1921-1930-cu illər ərzində, keçmiş sovetlər ittifaqında Bakı Sovetinin üzvü olsa da, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub, yazıçı, jurnalist kimi tanınıb. Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olub. Çar hakimiyyəti dövründə əsl maarifçi kimi xalqın övladlarının təhsil alması üçün əlindən gələni əsirgəməyən ədib 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilən I qurultayında fəal iştirak edib. Qurultaydan sonra ərəb əlifbasının islahı üçün təkliflər irəli sürən S.S.Axundov pedaqoji sahədə həmkarları ilə birlikdə “İkinci il” dərsliyini tərtib edib.
İlk əsəri “Tamahkar” komediyasi ilə tanınmış yazıçı bu əsərini böyük dramaturq Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsərinin təsiri ilə qələmə alıb. Dramaturqun sənətini sevən yazıçı ədəbiyyatda ondan fərqlənməkdən ötrü ərəbcə ikinci mənasını daşıyan “sani” sözünü özünə ləqəb götürüb. “Tamahkar” komediyasında o dövrün bir sıra mənfiliklərinə, o cümlədən tamahkarlıq, qadın azadlığına qarşı çıxanlar tənqid edilir. Bu əsərində yaratdığı Gülzar, Şərəf xanım, İmran kimi müsbət surətləri ilə gələcək nəsli həqiqətə, fədakarlığa səsləyib. Bundan başqa, yazıçı “Dibdat bəy”, “Türk birliyi” komediyalarının, “Laçın yuvası”, Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Səadət zəhmətdədir”, “Molla Nəsrəddin Bakıda”, “Eşq və intiqam” kimi pyeslərin və bir sıra uşaq əsərlərinin də müəllifidir. Bir nasir kimi 1905-ci ildə yazdığı “Qonaqlıq”, “Kövkəbi-hürriyyət”, “Yuxu” kimi hekayələri də müəllifin maraqlı hekayələrindəndir.
O, 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb. Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir.
“Qorxulu nağıllar” adı təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi”.
Oxucular bu silsilədən “Qaraca qız” hekayəsini xüsusilə sevirlər. Uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti burada daha mənalı verilib. “Qaraca qız” əsasında eyniadlı film çəkilib. 1948-ci ildə isə şair, yazıçı, Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında Gənc Tamaşaçılar Teatrı üçün eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulub.
Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının, inkişafında böyük xidmətləri var. 1920-ci ildən sonra yazdığı əsərlərdə də geriliyi və mühafizəkarlığı tənqid edən Süleyman Sani Axundov 1939-cu il martın 29-da 63 yaşında vəfat edib. (azertag)