- Mədəniyyət

Milli Kitabxanada “Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü” adlı sərgi virtual rejimdə təqdim olunub

Oktyabrın 3-ü Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd olunur. Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Naxçıvanda qəbul edilən qərarlarla türk dünyasının birliyi daha da möhkəmlənib.

Bu günə qədər keçirilən tədbirlər “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq”, “Turizm sahəsində əməkdaşlıq”, “Media və informasiya sahəsində əməkdaşlıq” və sair mövzularda olub. Bundan başqa, üzv dövlətlər arasında ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verilib.

Azərbaycan Milli Kitabxanasından bildirilib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü münasibətilə Kitabxana tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Turkdilli_dovletlerin_emekdasliq_gunu/index.htm linkindən istifadə edə bilərlər.