- Mədəniyyət

Azərbaycanın gənc pianoçuları beynəlxalq müsabiqədə yüksək nəticə göstəriblər

Azərbaycan piano ustaları “21-ci əsrin istedadları” (“21st Century Talants”) beynəlxalq müsabiqəsində yüksək yerlərə layiq görülüblər.

Qərargahı Ottava şəhərində yerləşən, onlayn formatda açıq səsvermə yolu ilə keçirilən müsabiqədə Sumqayıt şəhəri 1 nömrəli musiqi məktəbinin şagirdləri 13 yaşlı Aytac Vəliyeva Franz Şubertin Expromt əsərini ifa edərək 2-ci yerə, 11 yaşlı Valeriya Olxovaya da Fridrix Kuhlaunun “Sonatina Op.20 n1, C major” əsərini ifa edərək üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, müsabiqənin şərtlərinə görə iştirakçı 10 dəqiqəyədək davam edən təkcə bir musiqi əsərini ifa edib videoya çəkərək “YouTube”a yükləməlidir. Bundan sonra müsabiqənin münsifləri həmin ifanı dəyərləndirərək qərar verir. Bununla yanaşı, videoya verilən “like”ların sayı ilə ölçülən açıq səsvermə nəticəsi də nəzərə alınır.

İki ildən bir keçirilən “21-ci əsrin istedadları” müsabiqəsi müxtəlif yaş qruplarına aid gənc ifaçıların beynəlxalq miqyasda tanıdılmasına xidmət edir. (report)