- Mədəniyyət

Professor Mustafa Əl-Fəki: Nizami Gəncəvi dünya ədəbiyyatını zənginləşdirmiş dahi şair və mütəfəkkirdir

Bu il 880 illik yubileyi qeyd olunan Azərbaycan şairi Nizami Gəncəvi öz poeziyası və fəlsəfi yanaşması ilə sevgi, şəfqət və sülh mədəniyyətinə əvəzsiz töhfələr verib. O, dünya ədəbiyyatını zənginləşdirmiş dahi şair və mütəfəkkirdir. Biz məmnunuq ki, dünya elmi və mədəniyyətinə pəncərə rolunu oynayan İsgəndəriyyə Kitabxanasında Nizami Gəncəvinin büstü qoyulub. Buraya gələn oxuculara və qonaqlara Şərq ədəbiyyatının görkəmli klassikinin zəngin irsi haqqında məlumat verilir.

Bu fikirləri İsgəndəriyyə Kitabxanasının direktoru, professor Mustafa Əl-Fəki Nizami Gəncəviyə həsr olunmuş tədbir çərçivəsində Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söyləyib. O əlavə edib ki, Azərbaycanın zənin mədəni və ədəbi irsi, adları Şərq ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılmış şair və yazıçıları İslam aləminin sərvətidir.

Əl-Fəki deyib: “Azərbaycan bizim üçün qardaş ölkədir. Ortaq dinimiz, tariximiz, mədəniyyətimiz var. SSRİ-nin süqutundan sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Misir olub. Biz dost və qardaş ölkə ilə daha sıx əməkdaşlıq etmək, onun mədəniyyətini və ədəbi irsini təbliğ etmək istəyirik”. (azertag)