- Manşet, Mədəniyyət

Könül Bünyadzadənin “Könül dünyası” kitabının təqdimat mərasimi olub

Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində təşkil olunan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında  fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadənin “Könül dünyası” kitabının imza mərasimi keçirilib. Mərasimdə media nümayəndələri, ziyalılar və oxucular iştirak ediblər.

Kitabda Könül Bünyadzadənin “Füyuzat” jurnalında dərc olunan silsilə məqalələri təqdim olunur. Müəllif ədəbi-fəlsəfi və aktual mövzulara həsr edilən  məqalələrində insan, kainat, yaradılış, özünüdərk, milli ruh və digər mühüm məsələlər haqqında təəssüratlarını oxucularla bölüşür.

Tədbiri çıxış sözü ilə açan “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus bildirdi ki, bu əsərdə Könül xanım oxucunu zaman-zaman insanın var oluş məqsədinin dərkinə çağırır, bəzən fəsillərin dili, daşların işığı, qələmin çizdiyi portletlərlə, bəzən də ömrü saran qulac qollu yollarla və ən ümdəsi sevgi ilə anlamağa səsləyir.

Mərasimdə söz alan digər ziyalılar kitabın fəlsəfi məna tutumundan danışdılar, alimə belə bir əhatəli əsəri ərsəyə gətirdiyi üçün minnətdarlıq bildirdilər.

Müəllif kitabın nəşrinə dəstək olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fonduna və “Füyuzat” jurnalına təşəkkürünü bildirdi, əsərinin uzun illər ərzində, geniş araşdırmalar nəticəsində yazıldığını qeyd etdi. Sonda müəllif imzalı kitablarını oxucularla bölüşdü.