- Köşə

İmarət CƏLİLQIZI. Vidalaşma etiketi

İllər boyu böyüklərdən hər bir məqamın, hər bir vəziyyətin özünə aid, özünə uyğun işlətdikləri maraqlı fadələr eşitmişəm. Onların bəziləri (məsələn, “payın çox olsun” deyimi) haqqında əvvəllər yazmışam. Bir ifadə də var ki, onu mən tez-tez atamdan və onun dostlarından eşidirdim. Onu atam adətən dostu ilə telefon söhbətinin sonunda söyləyirdi.

Atamın bir dostu vardı, lap uşaqlığından ta son gününəcən həmişə birlikdə olmuşdular, görüşmədikləri günlərdə mütləq bir-birinə zəng edib hal-əhval tuturdular. O söhbətlərin yekunundakı vidalaşma etiketləri arasında tez-tez belə birisi də olurdu: “Sağlığın, gözəlliyin”. Mən atamın dilindən bu kəlmələri hər dəfə eşidəndə başa düşürdüm ki, o, bu sözləri dostunun telefonun o başından verdiyi “Mənə görə nə qulluq? Nəsə bir şey lazım deyil ki?” sualının cavabı olaraq söyləyir, çünki onların bu cür vidalaşmasının dostu evimizə qonaq gəlib-gedəndə də şahidi olmuşdum. Uşaq ağlımla bu frazanın mənasını, əlbəttə ki, o qədər də anlamırdım. Böyüdükcə yavaş-yavaş dərk etməyə başlayırdım. Ömür müəyyən bir məqama çatdıqdan sonra isə bu deyimin sanbalının və dəyərinin necə yüksək olduğu daha da aydın oldu mənə. Bir daha aşkar etdim ki, bu dünyada bir insanın dostundan, doğmasından, əzizindən, sevdiyi, dəyər verdiyi hər kəsdən yeganə təmənnası yalnız onların həmişə, bir ömür boyunca sağlam və gözəl olmasından ibarət ola bilər (gözəl olması da, təbii ki, təkcə surət gözəlliyi anlamında deyil): onlar sağlamdırmı, özləri də, könülləri də gözəldirmi, deməli, səninçün vacib olan hər şey var.

Sənin üçün nə edə bilərəm? Sənə nə lazımdır?

Heç nə. Təkcə sağlığıngözəlliyin.

Sadə bir sualın möhtəşəm bir cavabı!

 106 Oxunub

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova