- Mədəniyyət

Niderlandın “Ciconia consort” simli orkestri Fikrət Əmirovun əsərlərini səsləndirib

Haaqa şəhərində tanınmış “Ciconia consort” simli orkestrinin təşkilatçılığı, orkestrin dirijoru Dick van Gasterenin təşəbbüsü və rəhbərliyi ilə “Qafqazın səsləri” adlı konsert təşkil olunub.

Konsertdən əvvəl dirijor Dick van Gasteren Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvi haqqında məlumat verib. Bildirib ki, 2021-ci il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunub. Bakıda Nizami Gəncəvinin adını daşıyan muzey, küçə, metro stansiyası olduğunu deyərək, dahi şairin heykəlinin təkcə Bakıda deyil, Moskva, Sankt-Peterburq, Kiyev kimi şəhərlərdə də ucaldığını qeyd edib. Gəncədə anadan olmuş Nizaminin həyat və yaradıcılığından söz açaraq, onun əsərlərinin toplusu olan “Xəmsə”dən, poemalarındakı obrazlardan danışıb. Qeyd edib ki, Nizami böyük filosof olub. Nizami əsərlərində Şərq və Qərb mühiti hiss olunur.

Böyük şairin poema və şeirlərinə əsasən bəstələnən musiqi əsərlərindən söz açaraq, hələ gənc yaşlarından Nizami poeziyasına marağı olan Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirovun simli orkestr üçün yazdığı “Nizami” simfoniyası və “Şur” simfonik muğamından danışıb. Həmçinin Azərbaycan ənənəvi musiqisi olan muğamın 2003-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni irsin qorunması üzrə Reprezentativ Siyahısına daxil edildiyini bildirərək, Beynəlxalq Muğam Mərkəzi, milli musiqi alətlərimiz – tar, kamança, dəf, balaban, qoş nağara, haqqında məlumat verib. Muğamın Qərb musiqisi ilə sintezindən danışıb.

Sonda “Ciconia consort” simli orkestri Dick van Gasterenin dirijorluğu ilə Fikrət Əmirovun əsərlərini səsləndirib. (azertag)