- Manşet, Mədəniyyət

Paytaxtın mərkəzi küçələrində Nizami Gəncəvinin yaradıcılığını əks etdirən kitab maketlər quraşdırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycanda və dünyada bir sıra tədbirlərin icrası davam etdirilir. Bu tədbirlər çərçivəsində Bakının mərkəzi küçərlərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığını əks etdirən kitab maketləri quraşdırılıb. Maketlərdə yerli rəssamların Nizami əsərlərinin fraqmentləri əsasında çəkdikləri əl işləri əksini tapıb.

Qeyd edək ki, oktyabrın 6-10-da dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib.

Beş gün davam edən sərgidə 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib. Sərgidə uşaqlar üçün Nizami Gəncəvi əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil edilib. Yazıçılarla görüşlər, imza günləri və kitab təqdimatları keçirilib.

Hazırda həm ölkədə, həm də ölkə xaricində silsilə tədbirlərin təşkili davam etdirilir, Nizami Gəncəvinin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunaraq, yenidən nəşr edilir.

Trend-in fotoqrafı Zaur Mustafayevin paytaxt küçələrindən lentə aldığı görüntüləri təqdim edirik:

(trend)