- Köşə

Gülyaz ƏLİYEVA. Xalı

Qədim xalı… Sən xalqımın, sən elimin bəzəyisən, bir obanın, bir oymağın mədəniyyət təmsilçisi, bir ananın barmağının zəhmətisən, ürəyinin arzuları, gözlərinin nuru səndə zühur edib. Bir el qızı ürəyinin sevgisini, arzusunu, nəğməsini sənə verib, səndə tapıb…

Qədim xalı, dilin olsa nələr, nələr danışarsan? Bir ölkənin tarixi var üzərində, vaxt oldu ki, sən də qaçqın oldun, ayrı düşdün öz elindən, mühitindən, köçkün oldun, əsir oldun, vaxt oldu ki, sən özün də torpaq kimi işğal olundun, yağmalandın, hərraca çıxardılar sıni, yad ölkələr muzeyində həsrət çəkdin, qədim xalı. “Şeyx Səfi”, ulu babam üzərinə həkk olunub, əsir olub, yad məkana həbs olunub, iraq düşüb ölkəsindən, Vətənindən, yadlara sən bir qənimət.  “Yusif-Züleyxa”, “Leyli – Məcnun”, ülvi eşqi, məhəbbəti gəzdirirsən ilmələrdə. Nişanlı qız toxuyubdur, ürəyinin sevgisini köçürübdür üzərinə, deyə bilmədiyi sözləri, ürəyindən keçən kəlmələri, isməti var ilmələrdə, gizlənibdir, əks edibdir onu səndə. Ya bir ana öz qızını xoşbəxt görsün deyə ümidini, arzusunu, istəyini ürəyindən barmağına ötürərək ilmə-ilmə sənə verib, sənə salıb…

Qədim xalı. Sən tarixin yaddaşısan, üzərində müharibə səhnələri həkk olunub, vuruş gedib, döyüş olub, bir gözəlin yarı üçün toxunubsan. Həkk edibdir üzərinə fəlakəti, qalibiyyəti,  ötürübdür gələcəyə qalsın deyə, örnək, ibrət olsun deyə. İgidləri ilmələrdə yaşatmaqçün toxuyublar, məhəbbətin ürəyində gəzdirdiyi igidinə toxuyublar, dili nəğmə oxuyubdur toxuyarkən…yaşatmaqçün, əbədilik yaddaşlarda həkk ediblər onu sənə… mahnıları, dastanları əks etmisən üzərində, qədim xalı…Qılınc-qalxan səsi gəlir sanki sənin üstündəki səhnələrdən, qayım-qədim tariximin sən özüsən, Təbrizimin təbiəti əks olunub, Vətən bağı üzərində al-əlvandır, xarıbülbül yox üstündə, Şamaxımın fiqurları, rəsədxana, göy qübbəsi, ay-ulduzlar hər ilməndə dil açıbdır, qədim xalı, həndəsəsən başdan-baça, bir sehrsən, bir bilməcə başdan -başa… Uçan xalça timsalısan, xalqın arzu, diləyisən, fantaziyası, nağılısan… Yallı gedir, rəqs eləyir el qızları üzərində…Sən Vətənin bir parçası, sən Vətənin tarixisən, sən xalqımın ümid, arzu salnaməsi, sən xalqımın sirli-sözlü bir dilisən, qədim xalı…