- Mədəniyyət

Filarmoniyada Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr edilmiş konsert təqdim edilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) professor-müəllim və tələbə heyəti ilə görüş-konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertin dirijorları Xalq artisti Yalçın Adıgözəlzadə və Əməkdar artist Fuad İbrahimov olub.

Əvvəlcə çıxış üçün səhnəyə Xalq artisti, professor Zəhra Quliyeva dəvət olunub. DİA-nın professor-müəllim və tələbə heyətini salamlayan Z.Quliyeva bu il 100 illik şanlı yubileyini qeyd edən Bakı Musiqi Akademiyasının yaranma tarixi, inkişaf yolu, habelə bu mədəniyyət ocağının yetişdirdiyi istedadlı musiqiçilər haqqında məlumat verib.

Konsert proqramı dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səsləndirilməsi ilə başlayıb. Bundan sonra vokalçı S.Nəsibli Niyazinin “Arzu” əsərini, Əməkdar artist Aleksey Miltıx görkəmli rus bəstəkarı S.Raxmaninovun “Vocalise” əsərini səsləndirib.

Daha sonra dinləyicilərə Xalq artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında fransız bəstəkarı F.Pulenkin iki fortepiano və simfonik orkestr üçün Konserti (II və III hissələr), Əməkdar artist, Bakı Musiqi Akademiyasının baş müəllimi İlham Nəzərovun ifasında G.Hendelin “Rinaldo” operasından ariya, S.Nəsirli və İ.Nəzərovun ifasında Xalq artist F.Bədəlbəylinin “Ave Maria” əsəri təqdim olunub.

Konsert proqramının davamında Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə görkəmli rus bəstəkarı Sergey Raxmaninovun iki fortepiano və orkestr üçün süita əsərini səsləndirib (işləməsi A.Varenberq, III-IV hissələr). İfa dinləyicilərin gurultulu alqışları ilə qarşılanıb.

Konsert Əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərinin ifası ilə başa çatıb. Qeyd edək ki, görüş-konsert dinləyici auditoriyasının diqqət və rəğbəti ilə qarşılanıb.

Qeyd etmək lazımdır ki, Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində Azərbaycan, o cümlədən xarici ölkə universitetləri ilə tez-tez görüş-konsertlər keçirilir.